BAKI, 29 noyabr - Sputnik. Bakıda təsərrüfat sahəsindəki su hovuzuna düşən 2 azyaşlının meyiti tapılıb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda 2 nəfərin (təxminən 10-12 yaşlarında) təsərrüfat sahəsindəki su hovuzuna (suvarma təyinatlı, dərinliyi təqribən 10 m) düşməsi və batması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarışlar nəticəsində 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.
Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.
Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.
BAKI, 18 yanvar - Sputnik. Şuşa şəhərində beşmərtəbəli binanada yanğın hadisəsi baş verib.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.
Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti video-çarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub.#QarabağAzərbaycandır #KarabakhisAzerbaijan pic.twitter.com/cWBOQaLK6P
— Fuad Naghiyev (@fuad_naghiyev) January 18, 2021
Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.