Bıçaq, arxiv şəkli

Bakıda qardaş qardaşı öldürdü

49
(Yenilənib 16:47 15.10.2020)
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

BAKI, 15 oktyabr - Sputnik. Oktyabrın 14-də 1991-ci il təvəllüdlü Məmmədzadə Mirvaqif Elçin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon Prokurorluğunun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Mirvaqif Məmmədzadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mirhəbib Məmmədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

49
Xəstəxana

Qobustanda kütləvi zəhərlənmə baş verib

6
(Yenilənib 10:59 27.01.2021)
Onlar kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

BAKI, 27 yanvar - Sputnik. Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

6
Qadın pəncərə yaxınlığında, arxiv şəkli

Bakıda daha bir intihar - özlərini eyni üsulla öldürdülər

55
(Yenilənib 19:55 26.01.2021)
Hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb

BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.

55
Teqlər:
qadın, Bakı, intihar
SES

Ərəblər Azərbaycanda küləyə 300 milyon dollar verəcəklər

0
(Yenilənib 12:14 27.01.2021)
Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

BAKI, 27 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycanın elektroenergetika, o cümlədən bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli sərmayədarların marağı artır. "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış 2050-ci ilədək dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır.

Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının mövcudluğu sərmayədarları maraqlandıran başlıca şərtlərdəndir. Qeyd olunan Sərəncama əsasən, "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçikhəcmli layihələrin həyata keçirilməsinə başlanılacaq.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA POWER" şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək. 2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır. Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Müasir yanaşmalara əsaslanan "Elektroenergetika haqqında" qanun layihəsinin qəbul edilməsi bu sahədə rəqabət mühitinin formalaşmasını təmin edəcək. İnvestisiyaları həm mövcud stansiyaların özəlləşdirilməsi, həm də yeni özəl elektrik stansiyalarının tikintisi yolu ilə cəlb etmək nəzərdə tutulur. Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Eyni zamanda, nazirliklər yeni qaz-turbin elektrik stansiyasının tikintisi üçün investisiya şirkətləri ilə danışıqları davam etdirir və bir çox beynəlxalq şirkətlər layihədə iştiraka marağını ifadə edib.

0