BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-də saat 06 radələrində Sabirabad rayonu ərazisində 1986-cı il təvəllüdlü Aqil Nəsirovun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sputnik Azərbaycan Sabirabad Rayon Prokurorluğunun məlumatına istinadla xəbər veirr ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qaynı Zəka Nəsirovun qeyd edilən tarixdə ovda olarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Aqil Nəsirovun xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Zəka Nəsirov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKI, 25 fevral — Sputnik. Tərtər rayonu ərazisində yol qəzası baş verib. Sputnik Azərbaycan-ın Report-a istinadən məlumatına görə, hadisə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.
Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbi ilə idarəetməni itirib və maşın yolun kənarına aşıb.
Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Nicat Quliyev, Çaylı kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Göyüş Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
BAKI, 25 fevral — Sputnik. Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
BAKI, 25 fevral — Sputnik. 26 fevral Xocalı soyqırımının 29-cu ildönümü günü Xətai rayonu, Xocalı prospekti, "Ana fəryadı" abidəsinin qarşısında keçiriləcək anım tədbiri ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti də müvəqqəti olaraq dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.
Dəyişiklik 26.02.2021-ci il səhər saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.