Təcili yardım avtomobili

"Laqeydlikdən sarsılan" keçmiş döyüşçü İH qarşısında özünü yandırdı

1688
(Yenilənib 10:19 11.09.2020)
İlham Nəsirov bildirib ki, onun yaşamağa yeri yoxdur. Bir ildir çöllərdə, pambıq sahələrində, xəstəxananın həyətində dolaşır.

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr - Sputnik. Bu gün günorta saatlarında Bərdə sakini İlham Cavanşir oğlu Nəsirov rayon İcra Hakimiyyəti binasının qarşısında özünü yandırmağa cəhd edib. O, üzərinə benzin tökərək od vurub.

Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan Nəsirov Təcili Tibbi Yardım maşını ilə dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlum olub ki, İlham Nəsirov avqust ayının 27-dən Bərdə rayon Mərkəzi Xəsətəxanasında müalicə alır. Lakin kəskin infeksiya simptomları nəticəsində onun ayağında qanqrena yaranıb. Həkimlər xəstənin ayağının amputasiyaya ehtiyacı olduğunu bildiriblər.

© Sputnik / Musa Muradli
İlham Nəsirov

Zərurət yarandığından xəstə infeksiya şöbəsinə köçürülərkən, xəstəxananı tərk edərək Bərdə Rayon İcra Hakimiyyətinin qarşısına gedib və burada özünə qəsd edib.

İlham Nəsirov bildirib ki, onun yaşamağa yeri yoxdur. Bir ildir çöllərdə, pambıq sahələrində, xəstəxananın həyətində dolaşır. Ailə üzvlərinin olmadığını, tək yaşadığını deyən Nəsirov özünə qəsd etməsinin səbəbini belə izah edib: “Burada da məndən beziblər. Palatadakı xəstələr deyirlər ki,  ayağından iy gəlir. Mən də belə münasibəti götürə bilmirəm”.

Nəsirov ona qarşı olan laqeydlikdən də gileylənib. Dediyinə görə, hərbi xidmətdə olarkən avtomatın qundağı ilə onun ürək nahiyəsinə zərbə vuraraq xəsarət yetiriblər və həmin yerdə şiş əmələ gəlib. Sovet ordusunda hərbi xidmətini başa vurub qayıdandan sonra Elçin Əliyevin komandanlığı altında Bərdə batalyonunda Qarabağ uğrunda döyüşlərə qoşulub.

İlham Nəsirov döyüş yolu keçmiş şəxs kimi ona qarşı münasibətdən sarsıldığını və daha belə yaşamaq istəmədiyini deyib: “Bir daxmam yoxdur ki, başımı salım , orda xəstə canımla yaşayım, heç kimi narahat eləməyim. Mən heç kəsi narahat eləmək istəmirəm. İstəmirəm kimsə mənim əziyyətimi çəksin”.

İlham Nəsirovun Bərdə rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhdinə səbəb, yaşayış yeri ilə təmin edilmək istəyi olub.

1688
Seysmoqraf, arxiv şəkli

Qardaş ölkədə güclü zəlzələ gözlənilir - Mütəxəssis açıqladı

4
Geologiya mütəxəssisi Aysun Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

BAKI, 26 sentyabr — Sputnik. Türkiyəli geologiya mütəxəssisi xanım Aysun Aykan Mərmərə Dənizində zəlzələ olacağı ilə bağlı proqnoz verib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Aykan zəlzələnin gücünün 7.6 bala qədər arta biləcəyini, ehtimal edilən zəlzələnin isə 28 milyon insana təsir edəcəyini açıqlayıb.

Aysun Aykan ötən gün Mərmərə Dənizində baş verən 4.2 bal gücündə olan zəlzələnin çox riskli bir nöqtədə meydana gəldiyini söyləyib.

"Mərmərə Dənizindəki son zəlzələlər bir daha göstərdi ki, Mərmərə dənizi zəlzələlər baxımından aktivdir, canlıdır və zəlzələ yaratma potensialına malikdir. Mərmərə Dənizindəki orta mərmərə çuxurunda 4.2 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin baş verdiyi yer çox vacib bir yerdir. Gözlədiyimiz böyük bir zəlzələ nöqtəsində meydana gəldiyi üçün də narahat edicidir"-deyə mütəxəssis diqqətə çatdırıb.

O vurğulayıb ki, bu zəlzələ Türkiyənin birinci prioriteti olmalıdır, xüsusilə də Mərmərə bölgəsi: "Çünki bu zəlzələ yalnız İstanbula təsir etməyəcək. Mərmərə Dənizinin sahillərində yerləşən bütün vilayətlərə (Balıkesir, Bursa, Yalova, Çanaqqala, Kocaeli, Tekirdağ) çox təsir edəcək. Ehtimal edilən bu zəlzələ 28 milyon insana təsir edəcək. Əslində bu zəlzələ bütün Türkiyəyə təsir edəcək. Türkiyə bu zəlzələyə çox diqqət etməlidir".

4
Taksi, arxiv şəkli

Dayanacaqda sərnişin üstündə baş verən dava nəticəsində 3 nəfər öldü

7
(Yenilənib 15:03 26.09.2020)
Üç nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub. Hadisə nəticəsində yaralananlar da var.

BAKI, 26 sentyabr — Sputnik. Dayanacaqda baş verən dava nəticəsində 3 nəfər dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, taksi sürücüləri arasında sərnişin üstündə dava baş verib. Hadisə nəticəsində tüfəngdən açılan güllə 3 nəfərin ölümünə səbəb olub. Hadisə anaban kameralarla qeydə alınıb. Hadisə nəticəsində yaralananlar da var.

3 nəfərin ölümünə səbəb olan şəxs hadisə yerindən qaçsa da, tüfəngi hadisə yerində qoyub.

7
Tovuzun Əlibəyli kəndi düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir

Hökumət nümayəndələri cəbhəboyu kəndlərdə olublar

0
(Yenilənib 19:55 26.09.2020)
Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.

BAKI, 26 sentyabr - Sputnik. Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.

Bu barədə Nazirlər Kabinetindən bildirilib. 

Hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.

Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilb.

Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.

0