BAKI, 3 sentyabr — Sputnik. Sentyabrın 2-də saat 08 radələrində Sabirabad rayonu, Qardaşkənd kənd sakini, 1979-cu il təvəllüdlü Təranə Məmmədovaya çoxsaylı balta zərbələri vurularaq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sputnik Azərbaycan-ın Sabirabad rayon Prokurorluğuna istinadən xəbərinə görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılan istintaqla zərərçəkmişin əri Eyvaz Məmmədovun birlikdə yaşadıqları evin yaxınlığında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirməklə Təranə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyvaz Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.