BAKI, 6 avqust — Sputnik. "Instagram" sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Sənan Ağayevin mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
Bərdə Rayon Məhkəməsinin qərarına əsasən, Sənan Ağayev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs cəzası tətbiq edilib.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.