Yasamal gölü

Yasamalda göl kim tərəfindən qurudulur? İşlər dayandırılıb, amma təqsirkar tapılmır

543
(Yenilənib 13:44 22.07.2020)
Espert Elnur Fərzəliyev bildirir ki, gölün qurudularaq, yerində bina tikilməsi təhlükəlidir: "Gölün tam quruması üçün illər lazımdır. Torpağın bütün qatları tam qurudulmalıdır”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 iyul — Sputnik. Bir neçə gün öncə Bakı şəhəri Yasamal rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, "Üç Tac" yaşayış kompleksinin yaxınlığında yerləşən kiçik süni su hövzəsi qurudulurdu. Əraziyə maşınlarla torpaq tökülür, ağaclar kökündən qoparılırdı.

Sputnik Azərbaycan ərazidə olub sakinlərlə söhbətləşib. Ərazi sakinlərinin sözlərinə görə, göl "Hacı" deyilən bir şəxsin tapşırığı ilə doldurulurmuş. Amma hadisə yerinə müvafiq qurumların əməkdaşları gəldikdən sonra işlər dayandırılıb.

© Sputnik / Irade JELIL
Yasamal gölü

Qeyd edək ki, gölün sahilində hotel var. Bəzi sakinlər gölün hotel sahibi tərəfindən doldurulduğunu iddia etsə də, araşdırmalarımızla məlum oldu ki, hotel sahibinin son görülən işlərlə heç bir əlaqəsi yoxdur. Gölü qurudan və tikinti həyata keçirmək istəyən başqa bir iş adamıdır.

Sakinlərin şikayətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb və işlər dayandırılıb. Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub. Təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.

© Sputnik / Irade JELIL
Yasamal gölü

Ərazidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri də araşdırma aparıb.  Müəyyən edilib ki, sözügedən ərazidə hər hansı tikinti niyyəti ilə bağlı komitəyə müraciət daxil olmayıb və həmin sahədə tikintiyə icazə icraatı həyata keçirilmir.

Hazırda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq ərazidə aparılan işlər dayandırılıb və texnika ərazidən çıxarılıb. Ərazi nəzarətə götürülüb.

Amma ərazidə görülən işlər zamanı çox sayda ağaca zərər dəyib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, gölün qurudularaq, yerində bina tikilməsi təhlükəlidir: "Gölün tam quruması üçün illər lazımdır. Torpağın bütün qatları tam qurudulmalıdır. Torpaq qurumadan çoxmərtəbəli bina tikmək təhlükəlidir. Bu zaman tikili deformasiyaya uğraya bilər, çatlaya, çökə bilər".

© Sputnik / Irade JELIL
Yasamal gölü

Digər ekspert Elnur Azadovun sözlərinə görə, gölün qurudulub yerində hər hansı bir tikinti aparılması üçün torpağın geoloji vəziyyəti öyrənilməlidir.

"Məsələn bəzən olur ki, hər hansı bir tikinti şirkəti köhnə bir binanı sökür və geoloji araşdırma aparılan zaman həmin yerdən qaya parçası çıxır. Azərbaycanda belə təcrübə var. Məsələn, Qanlıgölün qurudularaq yerində sosial evlərin tikilməsini göstərmək olar. Yaxud Yasamalda olan göl barədə danışmaq olar. Əvvəllər orada təməl qazılıb, sonradan boş qaldığı üçün göl yaranıb", - deyə ekspert bildirib.

© Sputnik / Irade JELIL
Yasamal gölü

Onun sözlərinə görə, gölün qurudularaq yerində hər hansı bir tikinti aparılması müəyyən fəsadlarla nəticələnə bilər. Buna görə də göl qurudulursa, ərazidə geoloji kəşfiyyat aparılmalıdır ki, həmin torpağın nə qədər yük daşıya biləcəyi müəyyən edilsin. Əks halda, qarşısıalınmaz fəsadlar baş verə bilər: "Araşdırılma aparılmadan bina inşa edilsə, həmin binanın zirzəmiləri qrunt suları ilə dolacaq. Araşdırma aparmadan hər hansı bir tikintiyə icazə vermək olmaz".

Qeyd edək ki, paytaxt ərazisində barmaqla sayılacaq qədər təbiət ərazisi qalıb. İllər ərzində yaşıllıqlar, təbiət əraziləri məhv edilib, yerində binalar tikilib.

© Sputnik / Irade JELIL
Yasamal gölü

Bu gün Yasamal ərazisində olan gölün qurudularaq yerində bina tikilməsi həm şəhər sakinlərinin nəfəsini əlindən almaqdır, həm də tikinti üçün texniki baxımdan təhlükəlidir.

543
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0