BAKI, 14 iyun — Sputnik. Ötən gün Bakı-Quba yolunda güclü tıxac yaranıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, iyunun 13-də rayonlara getmək istəyən avtomobil sahibləri gecə saatlarınadək Müşviqabad postunda növbə gözləyiblər.
Bölgələrə aparan yollarda o qədər sıxlıq olub ki, sürücülər avtomobillərinə rəhm etməyərək torpaq yollara üz tutublar.
Qeyd edək ki, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək (ümumilikdə 54 saat) Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.
Bu ərazilərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).
Həmçinin əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.