BAKI, 4 iyun — Sputnik. Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov və Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman bir azyaşlının su kanalında boğulduğunu görüblər.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumatına istinadla xəbər verir ki, Etibar Əmirov dərhal həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin də müdaxiləsi ilə körpənin həyatı xilas edilib.
Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktik söhbətlər aparıb, nəzarətsiz buraxmamaları barədə təlimatlandırıblar. Uşağın valideynləri də övladlarının həyatını xilas etdiyi üçün asayiş keşikçisinə öz minnətdarlıqlarını bildiriblər.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.