Zibillik

Sumqayıtda zibillikdən qumbara tapıldı

16
(Yenilənib 23:51 22.05.2020)
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 may 2020-ci il tarixlərində 338 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patron zərərsizləşdirilib

BAKI, 22 may - Sputnik. Bu gün Sumqayıtda zibillikdən qumbara tapılıb.

Sputnik Azərbaycan-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib ki, agentliyə Sumqayıt şəhəri, Sarıqaya bağlar sahəsi, Çinarlı küçəsində məişət tullantıları ərazisində 4 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Qurumun xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Təhlükəsizliyi təmin etmək məqsədilə polislər ərazini mühasirəyə alıblar. Agentliyin mütəxəssisləri 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 37 ədəd 5.45 mm-lik patronlar aşkar ediblər. Bunlar zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Hərbi təyinatlı əşyaların ətrafında 300 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. 

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 may 2020-ci il tarixlərində 125 siqnal (əməliyyat çağırışı) əsasında 111 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 338 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd piyada əleyhinə mina, 16 ədəd tank əleyhinə mina və 6 569 ədəd müxtəlif çaplı patron zərərsizləşdirilmiş, 56 405 kv.m ərazi yerüstü və 7 351 kv.m ərazi yeraltı yoxlanılmışdır.

 

16
Əlaqədar
Meşədə göbələk əvəzinə qumbara "bitib" - FOTO
Yeddi yaşayış məntəqəsinə gedən və qonşu dövlətlə sərhədə aparan yol azad edilib
Tükdən asılı ömür - dünyanın ən təhlükəli peşəsi haqda REPORTAJ
Səhv hüququ olmayan peşə sahibləri – ANAMA-nın əməliyyatından reportaj
Biznesmen, arxiv şəkli

Sağ əllə sol əl məsələsi: kasıbın pulu boğazdan rahat ötmürmüş

5
(Yenilənib 19:04 02.06.2020)
Z.Məmmədov aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək, sonradan həmin pul vəsaitini təkrarən leqallaşdırıb

BAKI, 2 iyun — Sputnik. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən biri kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi əlverişli formalaşmış biznes və investisiya mühitinin daha da güclənməsinə təkan verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla yanaşı, dövlətin iqtisadiyyatın inkişafı sahəsindəki siyasətinə kölgə salan bəzi sahibkarlıq subyektləri tərəfindən yol verilən korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, "Fakt Araşdırıcı-N" MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Qida Təhlükəsizliyi Dövlət Agentliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun 2017-2020-ci il tarixlərdə rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə vətəndaşlardan ümumilikdə 31 epizod üzrə cəmi 17 min manat məbləğində pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla həmçinin, Z.Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Z.Məmmədova həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edilən hüquqi şəxsin barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

5
Əlaqədar
Belə faciəni heç adaşı Şekspir də təsəvvür edə bilməzdi
Bu gün otuz bir azərbaycanlı sevinir
Korrupsiya təhqiqatı: Musiqi məktəbinin direktoruna cinayət işi açıldı
"Serial" davam edir: Dövlət pullarını necə "yedikləri"nin sxemini açıqladılar - VİDEO
Prezident İlham Əliyev: "Xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin!"
Yaba, arxiv şəkli

Koronavirusa qarşı "milli" mübarizə: kişi arvadını yaba ilə "sağaltmaq" istədi

110
(Yenilənib 16:29 02.06.2020)
Samuxda koronavirusa yoluxan qadın ərinin etirazlarına rəğmən, xüsusi karantin xəstəxanasına yerləşdirilib

BAKI, 2 iyun — Sputnik. Samuxda koronavirusa yoluxan qadının əri həkim briqadasına və polisə yaba ilə hücum edib.

Sputnik Azərbaycan APA-ya istinadın bildirir ki, hadisə ötən gün qeydə alınıb.

Samux Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası polis əməkdaşlarının müşayiəti ilə rayonun Füzuli kəndində koronavirusa yoluxmuş bir qadını müalicə üçün xüsusi xəstəxanaya yerləşdirmək məqsədi ilə onun yaşadığı ünvana gedib. Bu zaman qadının həyat yoldaşı həkim briqadasının işinə maneçilik və müqavimət göstərərək əlindəki yaba ilə onlara hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib. Bildirib ki, həkimlərə hücum edən kişi dərhal zərərsizləşdirilib: “Həkimləri müşayiət edən polis əməkdaşları dərhal hadisəyə müdaxilə edib və həyatlarını riskə ataraq hücum edən şəxsi zərərsizləşdirərək saxlayıblar”.

E.Zahidov həmçinin qeyd edib ki, koronavirusa yoluxan qadın xüsusi karantin xəstəxanasına yerləşdirilib.

Qadınını əri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

110
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Maska taxmayanlara agentlikdən "sürpriz"
Daha bir antirekord - Koronavirusdan bir gündə 5 nəfər ölüb
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
On beş ağır xəstəyə 21 dəfə plazma köçürüldü
Minneapolisdə ABŞ bayrağı ilə etirazçı, arxiv şəkli

"Yenə ruslar". Amerikadakı iğtişaşlarda Moskvanı günahlandırmaq kimə lazımdır

0
(Yenilənib 22:08 02.06.2020)
Xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək

BAKI, 2 iyun — Sputnik, Qaliya İbrahimova. ABŞ-dakı iğtişaşları Moskva törədir və nümayişçilər "Rusiya təlimatına" ciddi əməl edərək polis bölmələrini darmadağın edirlər. Bu cür iddiaları ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays irəli sürüb. Sübut əvəzinə o, öz təcrübəsinə və intuisiyasına güvənməyi təklif edib. Amerikalılar niyə hər yerdə "Rusiya izi"ni görürlər? Cavabı RİA Novosti-nin ekspert şərhində.

Etirazlardan qarətə

Los-Ancelesdəki ticarət mərkəzləri karantindədir. Kaliforniya rəsmiləri onları iyunda açmağı planlaşdırırdılar. Lakin bunu ilk edən qarətçilər olublar. Lüks butiklərin qapı və pəncərələri qırılıb, hər şey talan olunub. İğtişaşçılar məişət əşyalarını, paltarları, mebeli, hətta yeməkləri aparıblar. Polis helikopterləri su tökərək bu vəhşiliyi dayandırmağa çalışıb, kakin bunun xeyri olmayıb.

Polis tərəfindən saxlanılan zaman afroamerikalı Corc Floydun ölməsindən sonra Minneapolisdə başlayan etirazlar Vaşinqtonu, San-Fransiskonu, Portlendi, Mayamini, İndianapolisi, Filadelfiyanı və Atlantanı bürüyüb. Faciəli hadisənın birbaşa günahkarı Derek Şovin vəzifəsindən azad edilib və o, istintaq altındadır. Lakin nümayişçilər yalnız onun cəzalandırılmasını deyil, ABŞ-da sistemli irqçiliyə son verilməsini tələb edirlər.

Böyük şəhərlərdə komendant saatı elan edilib – lakin bu kömək etməyib. Vaşinqtonda etirazçılar Ağ Evi mühasirəyə alaraq içəri girməyə çalışıblar. Nyu-Yorkda iyirmi polis maşını daşqalaq edilib və yandırılıb. Portlenddə isə iğtişaşçılar məhkəmə binasında yanğın törədiblər.

Vətəndaş cəmiyyətinə təhdid

Əvvəlcə ABŞ-da çoxları nümayişçilərə rəğbət bəsləyirdilər. Yerli rəsmilər isə təxribatçılara reaksiya verməməyə çalışır, polisi güc tətbiq etməməyə çağırırdılar. Lakin asayiş keşikçilərinin üzərinə "Molotov kokteyli" atılanda bu vəziyyət dəyişdi.

Minnesota qubernatoru ştata Milli Qvardiyanı yeritdi. Los- Anceles də hərbçilərin köməyinə müraciət etdi. Gözyaşardıcı qaz və rezin güllələr işə salındı.

"Minneapolisdə baş verənlər artıq Floydun ölümü ilə əlaqəli deyil. Talanlar vətəndaş cəmiyyətini təhdid edir və şəhərimizdə qorxu yaradır, onun həyatına müdaxilə edir", - qubernator Tim Uoltz deyib.

Donald Tramp isə daha sərt reaksiya verib. Prezident Floydun ölümünün "dəhşət, kədər və qəzəb yaradan bir faciə" olduğunu etiraf edib. Lakin iğtişaşı vaxtında sakitləşdirməyən ştat səlahiyyətlilərini də tənqid edib. O, etirazçıları "quldur" adlandırıb və güc tətbiq edilməsini alqışlayıb.

Bazar günü təhlükəsizlik xidməti dövlət başçısını Ağ Evin yeraltı bunkerinə göndərib. Yalnız təhdid sovuşandan sonra Tramp oradan çıxa bilib.

Günahkar axtarışında

Tez bir zamanda iğtişaşlarda Rusiya izini "tapdılar".

"Mən onların (Rusiyanın – red.) iğtişaşlarda iştirakını istisna etmirəm", - Nyu-Orlean şəhərinin meri Mark Morial CNN-in efirində bildirib.

Bir neçə gündən sonra estafeti Barak Obama administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays alıb. Elə CNN-in efirindəcə o, etirazçıların "Rusiyanın təlimatına" uyğun hərəkət etdiyini iddia edib.

"Dinc nümayişçilər var. Onlar ədalətsizliyə və bərabərsizliyə qarşı çıxırlar. Ancaq etirazların gündəmini ələ keçirməyə çalışan təxribatçılar da var. Təcrübə mənə deyir ki, onlar birbaşa Rusiyanın taktiki sxemlər toplusuna uyğun hərəkət edirlər", - Rays deyib.

"Rusiya izi" axtarışına başlayan Amerika mediası Moskvaya qarşı irəli sürülən növbəti ittihamı xatırlayıb. Bir neçə il əvvəl Vaşinqtonda rusiyalı hakerlərin "Black Lives Matter" hərəkatını dəstəklədiyi iddia edilirdi. Bu hərəkatın fəalları da polis özbaşınalığına qarşı çıxırdılar.

"Rusiya izi" ilə əlaqədar müzakirələri Tramp tənqid edib. Prezident CNN-in bunu reytinq əldə etmək üçün etdiyini deyib.

Moskva da susmayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya "heç vaxt Amerikanın işlərinə müdaxilə etməyib və indi müdaxilə etmək niyyətində deyil".

Amerikanın qütbləşməsi

"Amerika cəmiyyəti son dərəcə qütbləşib". Ali İqtisad Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov etirazların kütləvi xarakterini bununla izah edir.

"Bəzi amerikalılar liberal dəyərlərin tərəfdarıdır, bəziləri isə mühafizəkar olduqlarını söyləyirlər. Mühacirət tərəfdarları var, ancaq Meksika ilə sərhəddə divarın tikilməsini dəstəkləyənlər də çoxdur. Qlobalistlər və proteksionistlər arasındakı qarşıdurmanı da bura əlavə edin. Minneapolis irq problemini də xatırlatdı. "Qaynar qazan" ağdərili əhali üçün işə yarayıb, ancaq qaradərililər cəmiyyətin tam hüquqlu bir hissəsinə çevrilə bilməyiblər", - Suslov RİA Novosti-yə izah edib.

Mütəxəssisin fikrincə, koronavirus pandemiyası afroamerikalıların həssaslığını vurğulayıb.

"Qaradərili əhali arasında infeksiyadan ölüm nisbəti daha yüksəkdir. Çox güman ki, bu, dərmanlara çıxış imkanlarının məhdud olmasının nəticəsidir. Afroamerikalılar ağlara nisbətən gəlirləri az olduğuna görə bahalı müalicə ala bilmirlər", - Suslov deyir.

Qabaqdangəlmə ittihamlar

Politoloq "Rusiya izi"nin axtarışını hakimiyyətin daxili ziddiyyətləri qəbul etmək istəməməsi ilə əlaqələndirir.

"Amerika elitası cəmiyyətin sağlam olduğuna inanır. Hər şeyi guya Tramp və ruslar korlayırlar. Trampı çıxarsanız və "Rusiya izi"ni ləğv etsəniz, ölkə normala qayıdacaq. Ancaq şəhərlərdə baş verən iğtişaşlar bu normallığın çoxdan olmadığını göstərir. Heç kim ciddi islahatlara ehtiyac olduğunu qəbul etmir", - Suslov deyir.

Politoloqun fikrincə, Raysın çıxışını seçki kampaniyasına uyğun qəbul etmək lazımdır:

"Güman edə bilərik ki, keçmiş rəsmi Co Baydenin növbəti prezident olacağı təqdirdə onun komandasına qoşulmağı planlaşdırır. Moskvaya qarşı ittihamlar isə Kremllə birgə hərəkət etdiyi iddia edilən Trampa qarşı demokratların təzyiqinin davamıdır".

Suslov Baydenin qələbəsinin daha bir "Rusiya işi"nin başlamasına səbəb olacağını istisna etmir.

"Amerikalılar dərhal Moskvanı seçkiyə təsir etmək niyyətində günahlandırdılar. İndi bu daha da artıb. Demokratlar Minneapolisdəki talanlara görə sanksiya təklif edə bilərlər. Bayden ümumiyyətlə Moskvanı Amerika cəmiyyətini məhv etməkdə ittiham edə bilər və bunu seçki tezislərindən birinə çevirə bilər," - politoloq proqnozlaşdırır.

Ekspertin fikrincə, xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək. Üstəlik, adi ideoloji stereotiplərdən istifadə cəhdi Amerikanın özü üçün təhlükəlidir: nəticədə etirazlar, habelə onlara səbəb olmuş problemlər realdır. "Rusiya izi"nə eyham vurmaqla isə heç bir şeyi həll edilməyəcək.

0
Əlaqədar
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi
İğtişaş paytaxta da çatdı: Mağazalar və ofislər...
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir