Bakı metrosunda maska rejimi

Metroya maskasız girdi, həbs edildi

37
(Yenilənib 15:47 10.05.2020)
Metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.

BAKI, 10 may — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ötən gün saat 06:00-dan "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə metropolitenin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Bakı metrosu Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun fəaliyyət göstərməlidir. Bu xüsusda “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”in tələblərinə əməl olunmalı, o cümlədən metropolitendə hərəkət edən sərnişinlər tibbi maska taxmalıdırlar. 

Bununla belə, mayın 9-da metronun “20 Yanvar” stansiyasında 1986-cı il təvəllüdlü Bakı sakini Nicat Rəhmanoğlu polisin tibbi maska taxmaq barədə göstərişinə əməl etməyərək onunla mübahisə edib və inzibati məsuliyyətə cəlb olunub. İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinin tələblərinə zidd hərəkət etmiş vətəndaş Yasamal rayon məhkəməsində səhvini etiraf edib. Ona 10 sutka həbs cəzası verilib.

Ümumən, metropoliten ərazisində 167 nəfərə rəsmi xəbərdarlıq edilib. Qayda pozuntusuna təkrar yol verəcəkləri təqdirdə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyətə cəlb olunacaqları onlara bildirilib.

37
Baş Prokurorluq

Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

24
Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

BAKI, 28 may - Sputnik. Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İ.Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusubov yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar olunub və faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

24
Marixuana nümunələri, arxiv şəkli

Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

7
(Yenilənib 21:22 27.05.2020)
Rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

BAKI, 27 may — Sputnik. “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

7

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

0
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

0