Fəhlə, arxiv şəkli

Qubada fəhlə zamanı qəfil zərbədən öldü

49
(Yenilənib 22:16 22.04.2020)
Döş sümüyünün və qabırğaların sınığı, qaraciyər toxumasının cırılıb dağılması xəsarətləri alan fəhlə, 34 yaşlı Şabran rayon sakini Eldar Hüseynov kəskin daxili qanaxma səbəbindən ölüb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 22 aprel - Sputnik. Qubada fəhlə iş zamanı həlak olub. Sputnik Azərbaycan bildirir ki, hadisə bu gün səhər saatlarında Quba şəhərindəki Olimpiya İdman Kompleksinin - indi "Draft Construction" adlanan MMC-yə məxsus ərazidə baş verib. Həmin MMC ilə kanalizasiya xətlərinin qazılması üçün müqavilə bağlamış "Kotanlı BTK" MMC-nin işçisi Tələt Mərfət oğlu Rəsulov idarə etdiyi "Doosan" markalı ekskavatorla xəndək qazarkən texnikanın çalovu ərazidə fəhlə işləyən Eldar Hökmulla oğlu Hüseynova dəyib. Nəticədə döş sümüyünün və qabırğaların sınığı, qaraciyər toxumasının cırılıb dağılması xəsarətləri alan fəhlə, 34 yaşlı Şabran rayon sakini Eldar Hüseynov kəskin daxili qanaxma səbəbindən ölüb.

Quba Rayon Prokurorluğunda CM-nin 222.3 (tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə və ya ağır nəticələrə səbəb olduqda) maddəsilə cinayət işi açılıb.

49
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

12
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

12
Məktəblilər, arxiv şəkli

Atəş nəticəsində ölən xəsarət alan məktəblilərin sayı açıqlandı

27
Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

BAKI, 24 oktyabr — Sputnik. Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib:

"Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı.

Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi.

Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!"

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri dronlar zərərsizləşdirildi

0
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə