Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi

Bibiheybət olayı barədə etiraf - Sürüşmənin olacağı ötən həftədən bilinirmiş

896
(Yenilənib 14:54 25.11.2019)
Gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Dünən gecə saatlarında Bakının Səbail rayonu, Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş verib. Yolun sağ hissəsi dağılıaraq, uçub. Hadisə ilə əlaqədar yol bağlanılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Səhər saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Baş nazir Əli Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən əraziyə baxış keçirilib, müvafiq tapşırıqlar verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bayıl ərazisi sürüşməyə meylli ərazi olduğundan ciddi nəzarətdə saxlanılır.

© Sputnik / Irade JELIL
Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi

Onun sözlərinə görə, daha əvvəl - 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yamacında sürüşmə baş vermişdi. Bir müddət əvvəl isə, oktyabr ayında Badamdar ərazisində sürüşmə hadisəsi qeydə alınıb.

Ə.Qaralov qeyd edib ki, Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə ötən gün axşam saatlarında baş verib. Yolun təxminən 80-100 metrlik hissəsində sürüşmə qeydə alınıb.

"Prosesə səbəb insan amilidir. Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. Atmosfer çöküntülərinin intensiv olması ilə bağlı torpaq qatı ağırlaşır, təzyiq artır və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarının çökməsi tipli hadisə təkrar qeydə alınıb", - deyə Qaralov qeyd edib.

© Sputnik / Irade JELIL
Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə açqılamasında bildirib ki, sürüşmə ilə əlaqədar Bakı-Salyan yolunun Bibiheybət qəsəbəsi yaxınlığından keçən hissəsində baş verən sürüşmə ilə əlaqədar yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub.

Onun sözlərinə görə, sürüşmə ilə əlaqədar şəhərə daxil olan yük maşınları Bakı Kənar Dairəvi Yol ilə şəhər mərkəzinə istiqamətləndiriləcəklər: "Ərazidə yaşayan sakinlərin və neft şirkəti işçilərinin gediş-gəlişi üçün nəqliyyatın hərəkəti tənzimlənəcək. Onlar Bayıl qəsəbəsi və ya 20-ci Sahədən keçməklə hərəkət edə biləcəklər".

© Sputnik / Irade JELIL
Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə çatlar iki gün öncə əmələ gəlib: "Ərazi nəzarətdə saxlanılırdı. Ötən gün axşam saatlarından etibarən əməkdaşlarımız tərəfindən ərazidə çatların böyüməsi müşahidə edilib. Aidiyyəti üzrə məlumat verildi və təhlükəsizlik baxımından ərazidə hərəkətin dayandırılmasına qərar verildi. Axşam 19.00-20.00 radələrində hərəkət dayandırıldı".

O qeyd edib ki, səhər 5.00-6.00 radələrində isə çökmə baş verib.

"Bu ərazidə Bayıl, Bibiheybət və Badamdar ərazisində bir neçə sürüşmə nöqtəsi var. Və onlardan biri də bu ərazidən keçir. Sürüşmə intensiv yağışlar nəticəsində aktivləşib və son olaraq belə nəticələnib", -deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda ərazidə araşdırma aparılır. Və təmir-bərpa işlərinə qərar verildikdən sonra yəqin ki, 1-2 ay təmir işləri aparılacaq.

  • Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
    © Sputnik / Irade JELIL
  • Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
    © Sputnik / Irade JELIL
  • Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
    © Sputnik / Irade JELIL
  • Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
    © Sputnik / Irade JELIL
  • Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
    © Sputnik / Irade JELIL
  • Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
    © Sputnik / Irade JELIL
  • Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi
1 / 7
© Sputnik / Irade JELIL
Bibiheybət məscidi yaxınlığında torpaq sürüşməsi

Xatırladaq ki, ötən gün günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib. Lakin gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb. Nəticədə yaxınlıqda yerləşən "Xəzər GLX" MMC-yə, eləcə də Gəmi Qayırma və Gəmi Təmiri Müəssisəsinə ciddi ziyan dəyib. Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb.

896