Bakı Dövlət Univesitetinin yataqxanası

Tələbənin öldüyü yataqxanada baş verib - HADİSƏ YERİNDƏN FOTO

366
(Yenilənib 17:32 21.11.2019)
"Hadisə gecə saatlarında baş verib, tələbələr özlərini yaxşı hiss etmədikləri üçün təcili tibbi yardım çağırıblar. İlkin tibbi yardım göstərilib, tələbələrin vəziyyəti yaxşı olduqdan sonra təcili tibbi yardım binanı tərk edib"

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin 2№-li yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Hadisə Mətbuat küçəsi 36 ünvanında olub. Nəticədə 1 otaqda qalan üç tələbə qızdan biri dünyasını dəyişib. Məlumata görə, təcili tibbi yardıma daxil olan müraciətdən sonra həkim briqadası ünvana baş çəkdikdə huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

© Sputnik / Nigar Iskanderova
Üç tələbə qızın zəhərləndiyi Bakı Dövlət Universitetinin 2№-li yataqxanası

Sputnik Azərbaycan hadisə yerinə baş çəkib. Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev jurnalistlərə açıqlamasında deyib ki, ilkin araşdırmalara əsasən, hadisə ev şəraitində hazırlanaraq konservləşdirilmiş məhsullardan, yaxud da marketdən alınmış qidalardan ola bilər: "Hadisə gecə saatlarında baş verib, tələbələr özlərini yaxşı hiss etmədikləri üçün təcili tibbi yardım çağırıblar. İlkin tibbi yardım göstərilib, tələbələrin vəziyyəti yaxşı olduqdan sonra təcili tibbi yardım binanı tərk edib. Lakin səhər saatlarında onlar yenə də özlərini pis hiss ediblər, otaqda olan 3 tələbə qızdan biri dünyasını dəyişib. Digər iki tələbə hazırda həkimlərin nəzarətindədir. Həyati təhlükələri yoxdur. Bu hadisə universitet rəhbərliyinin nəzarətindədir. Digər tələbələrə də qidalarına nəzarət etmələrini tövsiyə edirik".

© Sputnik / Nigar Iskanderova
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində

"Hələlik hansı qidadan zəhərlənmə olması haqda heç bir məlumat yoxdur", - deyə o əlavə edib.

Yataqxana sakinləri isə bu haqda danışmaqdan imtina edərək məlumatsız olduqlarını bildiriblər: "Əsas o idi ki, bir ananın gözü yaşlı qalmasın, amma o da oldu. Buna çox təəssüf edirik. Heç bu hadisə haqda eşitdikdən sonra onların yaşadığı ikinci mərtəbəyə çıxmamışıq, başqa heç bir məlumatımız yoxdur".

Yataqxananın nəzarətçisi də bu haqda məlumat verməkdən imtina edib.

© Sputnik / Nigar Iskanderova
Bakı Dövlət Universitetinin 2№-li yataxanasının nəzarətçisi

Bu arada təhsil eksperti Kamran Əsədov öz mənbələrinə istinadən Sputnik Azərbaycan-a bildirib ki, tələbə qızlar ötən gün restorandan suşi sifariş ediblər.

Qeyd edək ki, zəhərlənənlər Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızıdır. Dünyasını dəyişən Xasmədova Şəkər isə BDU-nun Fizika fakültəsində təhsil alırdı.

© Sputnik / Nigar Iskanderova
Qida Təhlükəsizliyi Agentliyinin avtomobili

Hadisə ilə əlaqədar olaraq tələbələrin valideynlərinə məlumat verilib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstələrə sistem qoşulub, mədələri yuyulub, lazımi köməklik göstərilib. Onlardan götürülən analizlərin nəticələrinin isə təxminən 2 saatdan sonra açıqlanacağı gözlənilir.

1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan tələbələrdən biri, Dilrubə Quliyevanın əmisi İlqar Quliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, hadisə haqda xəbər tutduqdan sonra dərhal buraya gəlib: "İlkin olaraq zəhərlənmə ehtimalı var idi. Baş həkim və müalicə həkimi ilə görüşdük. Təcili Yardım çağırılıb, lakin onlar qətiyyət göstərməyiblər. Başdansovdu münasibət olub, xəstələr vaxtında xəstəxanaya çatdırılmayıblar. Tələbələr imtina etsələr belə, onlar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılmalı idilər. Bizim əsas narahatlığımız bundan ibarətdir”.

Qeyd edək ki, hazırda Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri hadisə yerindədirlər.

366
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

47
(Yenilənib 08:18 26.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

47
Teqlər:
zibil qabı, cəsəd, qəbir, ölənlər, COVID-19, Koronavirus, Ekvador
Qəza, arxiv şəkli

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

14
(Yenilənib 19:52 25.11.2020)
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

BAKI, 25 noyabr - Sputnik. Hava limanı şosesində (“Buta Palace” yaxınlığında şəhər mərkəzi istiqamətində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

Hazırda yolda sıxlıq var.

14
Teqlər:
Bakı, qəza
Bakıda karantin rejimi zamanı insanlar

Böyük dövlətlərin oyunu "əjdaha" gənclərimiz - Bakılılara çənəni sevdirən qadağa - FOTO

3
(Yenilənib 14:38 26.11.2020)
"Xəstəlikdən qorxacağam? Boş şeydir. Lap yoluxsam da ağır keçirəcəyimi düşünmürəm. Sapsağlam adamam. Heç bir xəstəliyim yoxdur. Odur ki, maskanı sadəcə cərimə edilməmək üçün çənəmin altına taxıram" - Bakı sakini

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Paytaxtda maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

Müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Şəhərimizin bəzi sakinləri isə belə düşünmürlər. Sputnik Azərbaycan bu gün paytaxt sakinlərinin karantin qaydalarına necə əməl etdiklərini müşahidə edib.

Əksər vətəndaşlar karantin qaydalarına əməl edərək maskalardan istifadə edirlər.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Bəziləri isə maskanı sadəcə cərimə edilməmək üçün çənələrinin altına taxırlar.

Məsələn, Bakı sakini 56 yaşlı Əsəd Əliyev deyir ki, koronavirus infeksiyasının varlığına inanmır. Bakı sakini elə hesab edir ki, bu, dünyanı idarə edən ölkələrin oyunudur.

Maska taxmaq məsələsinə gəldikdə isə, o deyib ki, maskanı sadəcə cərimə edilməmək üçün taxır: "Görürsünüz ki, çənəmin altında maska var. Yəni qanuna tabe oluram. Amma xəstəliyə inanmıram".

Qeyd edək ki, paytaxtda daha çox yaşlılar karantin qaydalarına əməl etmirlər. Yaşı 60-ı ötmüş vətəndaşlar maska taxmağı əhəmiyyətli hesab etmirlər.

Gənclər isə maskanı çənənin altına taxmağa üstünlük verirlər.

İnsanların kütləvi toplaşdığı yerlərdə, məsələn, dayanacaqlarda sosial məsafəyə əməl edilməsə də, vətəndaşlar maska taxırlar.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Nigar Eyyubova deyir ki, pandemiya başlayan gündən maska taxıb. Və o, bunu hansısa məbləğdə cərimə edilməmək üçün yox, sağlamlığın önəmli olduğunu fikirləşdiyi üçün edib:

"Mənim evimdə yaşlı anam-atam var. Mən özümü qorumalıyam ki, onları da qoruya bilim. Virusun olduğuna inanıram. Belə yalan ola bilməz. Buna görə də, özümü qoruyuram ki, yoluxmayım. Maska da taxıram, çantamda spirt və antibakterial salfet də gəzdirirəm. Bacardığım qədər insanlarla yaxın ünsiyyətdə olmuram".

28 yaşlı Ələddin Məmmədov isə hesab edir ki, virus gənclərə yoluxmur. Yoluxsa da, gənclər bu xəstəliyi ağır keçirmirlər.

"Xəstəlikdən qorxacağam? Boş şeydir. Lap yoluxsam da ağır keçirəcəyimi düşünmürəm. Sapsağlam adamam. Heç bir xəstəliyim yoxdur. Odur ki, maskanı sadəcə cərimə edilməmək üçün çənəmin altına taxıram. Cəmi 500 manat maaş alıram. Onun da 100 manatını cəriməyə versəm, nə qaldı ki..."

  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Ə.Məmmədov siqaret aludəçisi olduğu üçün maska taxmaq ona bəzən yorucu gəlir. Amma cərimə edilməmək üçün siqaret çəkmədiyi zamanlar da olur.

Şəhərimizdə qanunlara tabe olub maska taxanlar da var, cərimə edilməkdən qorxub maska taxanlar da, özünü xəstəlikdən qorumaq üçün maska taxanlar da... Maska taxmayanlar isə bunu maska almağa pulları olmaması ilə izah edirlər. Məsələn, süpürgəçi işləyən 58 yaşlı Naibə xanımın sözlərinə görə, hər gün maska almağa pulu çatmır. Deyir, özü üçün evdə xüsusi maska tikməyə də vaxtı yoxdur. Amma söz verir ki, bu həftəsonu qanunlara tabe olmaq adına özü üçün maska tikəcək.

Belə...

Xatırladaq ki, hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunur. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 200 manat məbləğində, hüquqi şəxslərə 400 manat məbləğində cərimə tətbiq edilir.

Eyni zamanda, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilirlər.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərə 200 manatdan 400 manatadək, vəzifəli şəxslərə 3 min manatdan 4 min manatadək, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq edilir. Hüquqi şəxslər isə 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilirlər.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək məbləğdə cərimə edilirdilər.

3
Teqlər:
cərimə, maska, qaydalar, Koronavirus, epidemiya, COVID-19, Bakı