Uşaqlar, arxiv şəkli

Evdən qaçan azyaşlı ilə bağlı Komitə araşdırma aparıb

47
(Yenilənib 16:02 20.08.2019)
Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 avqust — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evdən qaçan azyaşlı ilə bağlı araşdırma aparıb.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Komitənin Uşaq problemləri şöbəsinin məsləhətçisi Fərid Ədilov məlumat verib. O bildirib ki, azyaşlı qızın əvvəlcə valideynlərinin onu döydüyü üçün qaçıb polisə sığındığı barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb: "Sözügedən uşağın valideynləri Masallıdan Bakıya köçüblər.

Onlar metronun "Neftçilər" stansiyası yaxınlığında kirayə evdə yaşayırlar. Uşaq valideynlərinə nənəsi üçün darıxdığını, Masallıya getmək istədiyini söyləyib. Atası işə getdikdən az sonra anası görüb ki, uşaq həyətdə oynayır. Az keçməmiş uşaq həyətə çıxaraq yoldan keçən gənc bir qıza yaxınlaşaraq Masallıya getmək üçün kömək istəyib. Həmin xanım uşağı metro yaxın olduğu üçün orada polisə təhvil verib. Azyaşlı atasının mobil nömrəsini bildiyindən, dərhal atasına bu barədə məlumat verilib. Araşdırma zamanı məlum olub ki, uşaq nənəsi üçün darıxdığına görə evdən qaçıb. Ona ailəsi tərəfindən fiziki güc tətbiq edilməyib".

Xatırladaq ki, dünən səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağı anası tərəfindən döyüldüyünü deyərək polisə sığındığına dair məlumat yayılıb. Uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib. Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.

47
Teqlər:
Masallı, açıqlama, ailə, azyaşlı
Əlaqədar
Komitədən evdən qaçan azyaşlı ilə bağlı açıqlama gəldi