Kliniki Tibbi Mərkəz, arxiv şəkli

Həkim Şəkidən gətirilən xəstələrlə bağlı: "Kimsə deyə bilməz ki, hansısa fəsad olmayacaq"

1069
(Yenilənib 18:30 15.07.2019)
Kliniki Tibbi Mərkəzin şöbə müdiri yaralıların niyə dərhal əməliyyat olunmadığını izah edib

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısında təxminən 500 yaşı olan çinar ağaclarından birinin budağının qırılaraq yerə düşməsi 19 nəfərin xəsarət almasına səbəb olub. Xəsarət alanlar arasında həm yerli, həm də xarici vətəndaşlar var.

Ötən gün axşam saatlarında isə xəsarət alanlardan 1-i yerli, 3-ü əcnəbi olmaqla 4 xəstə Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Al Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Al Hasan (sol incik sümüyünün sınığı) və Samirə Al Hasan (sağ baldır sümüyünün yerdəyişən sınığı) xəstəxanaya yerləşdirilib. Sputnik Azərbaycan-ın əməkdaşı xəstələrin səhhəti ilə bağlı məlumat almaq üçün onların yerləşdirildiyi ünvana yollanıb.

1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə
© Sputnik / Nigar Maharram.
1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə

1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə Sputnik Azərbaycan-a açıqlamasında artıq 3 xəstənin başqa xəstəxanaya köçürüldüyünü deyib:

"Suriya vətəndaşları olan, 1952-ci il təvəllüdlü Farik Al Hasan, 1998-ci il təvəllüdlü Sara Al Hasan və 1965-ci il təvəllüdlü Samirə Al Hasan öz istəkləri ilə bu gündən artıq özəl xəstəxanaların birinə köçürülüblər. Onların sığortaları olduqları üçün istəyirlər ki, özəl klinikada müalicələrini davam etdirsinlər. Lakin bizdə sığorta olmasa da, onların bütün müayinəsi, müalicəsi, yerləşdirilməsi pulsuz olaraq dövlət tərəfindən qarşılanıb. Bizdə olan məlumata görə, bu xəstələr bir ailənin üzvü olublar. Qeyd edim ki, buradakı şərait onların müalicəsinə imkan verirdi.

Hazırda ötən gün Bakıya gətirilən xəstələrdən yalnız biri - jurnalist İlkin Məmmədov xəstəxanadadır. O xəstəxananın reanimasiya şöbəsindədir. İlkinin səhhəti ilə bağlı onu deyə bilərəm ki, həyati təhlükəsi yoxdur. Amma xəstəlikdir, hər an nəsə ola bilər. Çalışacağıq ki, İlkin tamamilə sağalsın".

1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə
© Sputnik / Nigar Maharram.
1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə

Əlizadə İlkin Məmmədovun xəstəxanada nə qədər müddət saxlanacağı ilə bağlı olaraq isə bunları deyib: "İlkin Məmmədovun xəstəxanada nə qədər qalacağı bəlli deyil. Çünki sağalma prosesi insanın özündən, xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Fikir verin, bu gün xəstəxanadan 3 əcnəbi çıxarıldı. Amma bu o demək deyil ki, onlar sağaldılar. Ola bilər ki, bu xəstəmiz də desin ki, artıq getmək istəyirəm".

O, bildirib ki, İlkin Məmmədovdan fərqli olaraq bu gün xəstəxanadan çıxarılan 3 əcnəbi vətəndaşın əməliyyata ehtiyacı olub: "Ötən gün bizə gətirilən xəstələrin heç biri əməliyyat olunmayıb. İlkin Məmmədovdan fərqli olaraq xəsarət alan xarici vətəndaşların əməliyyatları vacib idi. Onların təcili əməliyyat olunmamalarının səbəbi isə açıq yaranın olmaması, qanaxmanın baş verməməsi, hansısa daxili orqanın partlamaması idi. Bu xəstələrdə sadəcə olaraq müxtəlif sümük patologiyaları qeydə alınıb. Belə olan halda əməliyyat üçün müəyyən dövr keçməli, bütün analizlər əldə olunmalı, digər həkimlərlə konsultasiya aparılmalı və bir neçə gündən sonra yekun qərara əsasən əməliyyat baş tutmalı idi. Bu səbəbdən də həmin şəxslər xəstəxanaya daxil olan kimi əməliyyat edilməyib".

"Xəstələr hadisə yerindən götürüldükdə öncə onlar şin ilə, daha sonra isə gipslə fiksə olunur. Bu zaman sınan yerin, hissənin hərəkət etməsinin qarşısı alınır. Bu müddətdə həmin xəstələrə ağrıkəsicilər də vurulur", - deyə A.Əlizadə əlavə edib.

1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə
© Sputnik / Nigar Maharram.
1 saylı Kliniki Tibbi Mərkəzin Cərrahi Tədris şöbəsinin müdiri Aydın Əlizadə

Şöbə müdiri bildirir ki, əcnəbi vətəndaşlar xəstəxanada qalsa imişlər, sabah, yaxud da növbəti gündə onların əməliyyatları icra olunacaqmış.

Bu xəstələrin, eyni zamanda da hazırda reanimasiya şöbəsində saxlanılan İlkin Məmmədovun səhhətində hansısa ağır fəsadın, şikəstliyin olub-olmaması ilə bağlı olaraq isə şöbə müdiri bunları deyib: "Sümük patologiyalarının ağır fəsadları da ola bilər. Ona görə də qabaqcadan kimsə deyə bilməz ki, hansısa fəsad olmayacaq. Hətta nə qədər yüksək səviyyədə köməkliyin edilməsinə baxmayaraq bunu proqnozlaşdırmaq mümkün deyil. İlkinin isə sadəcə olaraq qabırğa və onurğa sütununda problem var. Onun şikəst olma ehtimalı yoxdur. Qabırğalarında yaranan problemin həlli üçün vaxt lazımdır. Müəyyən vaxtdan sonra qabırğalar bitişəcək. Heç əməliyyata da ehtiyacı yoxdur. Bu səbəbdən onun əməliyyata ehtiyacı yoxdur".

Həkim xəstəxanaya gətirilən xəstələrin psixoloji durumundan da danışıb: "Belə xəstələrdə psixoloji travmalar olur. Bu travmalar onlarda müəyyən qədər qorxu hissi yaradır".

1069