Təcili yardım avtomobili, arxiv şəkli

Bərdədə təcili yardımın əməkdaşlarına hücum edildi

74
(Yenilənib 14:16 12.06.2019)
Təcili yardımın əməkdaşı iddia edir ki, çağırışa dərhal getsələr də, hücuma məruz qalıblar

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları Qaradəmirçi kəndindən daxil olan çağırışla əlaqədar mənzil başına çatanda onlara hücum edilərək, bədən xəsarəti yetirilib. Bu barədə Sputnik Azərbaycan-a tibbi yardım xidmətinin əməkdaşı Təranə Qasımova deyib.

T.Qasımova bildirib ki, dünyasını dəyişən onkoloji xəstə Asif Fətəliyevin oğlu onların üzərinə hücum edib: "Bu gün səhər 08:45-də Bərdə rayonunun Qaradəmirçi kəndindən onkoloji xəstəlikdən əziyyət çəkən xəstəyə ağrıkəsici vurulması ilə bağlı çağırış daxil oldu. Bizə məlumat daxil olduqdan 1 dəqiqə sonra əraziyə çıxdıq. Avtomobilimiz də sürətlə hərəkət etdiyi üçün qısa zamanda mənzil başına çatdıq. Lakin xəstənin oğlu bizə avtomobildən düşməyə imkan vermədi. O, əlində dəmir parçası ilə üstümüzə hücum etdi. Biz isə canımızı qurtarmaq üçün tez avtomobilə mindik. Buna baxmayaraq, həmin şəxs avtomobilə hücum edərək pəncərəni sındırdı, maşının şüşəsinə, qapısına müxtəlif zərbələr endirdi. Şüşənin qırıntıları bizim bədənimizi kəsib".

"Evdən çıxan şəxslərdən biri onu tutmasaydı, həmin şəxs bizi öldürəcəkdi. Dəmir parçası ilə üzərimizə hücum edərək deyirdi ki, sizi öldürəcəyəm, bura niyə gəlmisiz" – deyə 103 xidmətinin əməkdaşı əlavə edib.

Təcili yardımın əməkdaşı iddia edir ki, çağırış daxil olduqdan qısa müddət sonra deyilən ünvana çatıblar. Amma 65 yaşlı onkoloji xəstə A.Fətəliyev artıq dünyasını dəyişib.

Qeyd edək ki, hücuma məruz qalan tibb işçiləri olayla bağlı polisə müraciət ediblər.

74