Həbs, arxiv şəkli

Zərdabda kişiyə qadın paltarı geydirib biabır etdilər Oğluna görə

520
(Yenilənib 14:17 10.06.2019)
Hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılığı həyata keçirən şəxsləri saxlayıb

BAKI, 10 iyun — Sputnik. Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Körpükənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıblar. Orada ona “sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.

M.Kərimovun oğlunun (onun 26 yaşı var) nömrə verdiyi deyilən şəxs isə 29 yaşlı R.Zeynalovdur. Hadisə zamanı onun avtomobili kənddə olub. Qəzəbli şəxslər onun avtomobilini aşırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni saxlayıb, fakt üzrə araşdırma aparılır.

 

520
Qəza, arxiv şəkli

Goranboyda ağır qəza 3 nəfər öldü, 4 nəfər xəsarət aldı

24
(Yenilənib 12:43 14.07.2020)
Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

BAKI, 14 iyul — Sputnik. İyulun 13-də saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 1996-cı il təvəllüdlü Camal Dadaşovun idarə etdiyi "VAZ 2107" avtomobil toqquşub.

Sputnik Azərbaycan Goranboy prokurorluğunun məlumatına istinadla xəbər verir ki, hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

24
Top ilə gənc, arxiv şəkli

Qubada karantin rejimini pozan "futbolçular" cərimə olundular

15
(Yenilənib 12:33 14.07.2020)
Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

BAKI, 14 iyul — Sputnik. Qubada karantin rejimini pozub futbol oynayanlar saxlanılıb.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Birinci Nügədi kəndi ərazisində qaydaları pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.

Onlar barəsində də İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.

15
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

"İnstagram" parolu "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər

8
(Yenilənib 12:37 15.07.2020)
İT üzrə ekspert Osman Gündüz deyir ki, belə həssas dövrlərdə internet istifadəçiləri elementar təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Sosial mediadan, email-lərdən şirnikləndirici, diqqətçəkici mesajlar gələ bilər ki, onları qətiyyən açmaq olmaz.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Ötən gündən etibarən mobil telefon nömrələrinə "Instagram"la bağlı mesajlar gəlir. Bu mesajlarda "Istagram" parolunuzu daxil edin yazılır. Bundan başqa, Türkiyə kodu ilə başlayan +90 nömrəsi ilə "Whatsapp"dan açıq nömrələrdən mesajlar gəlir. Bu mesajlar vasitəsilə Azərbaycandakı vəziyyəti öyrənməyə çalışırlar.

Ekspertlər isə bunun təxribat ola biləcəyini iddia edirlər.

İnformasiya və Kommunikasiya Məsələləri üzrə eskpert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, son dövrlər Azərbaycanın informasiya məkanında kiber təhdidlər artıb. Ekspertin sözlərinə görə, yaranmış bu vəziyyət Azərbaycan Ermənistan sərhəddində Tovuzda gedən müharibə ilə əlaqədardır: "Düşünürəm ki, ermənilər hər zaman informasiya müharibəsinə ciddi önəm verir və çalışırlar ki, ictimai rəyə təsir etsinlər, internet resurslarını sıradan çıxartsınlar".

Bəs, istifadəçilər şəxsi təhlükəsizliklərini necə təmin etməlidirlər? Osman Gündüz bu suala cavabında bildirib ki, hər bir istifadəçi özü şəxsi təhlükəsizliyi haqda düşünməlidir: "İstifadəçilər elementar təhlükəsizlik qaydalarına da əməl etməlidirlər. Sosial mediadan, e-maillərdən də şirnikləndirici, diqqətçəkici müxtəlif mesajlar gələ bilər. Etibarlı olmayan mənbədən gələn mesajları açmaq olmaz. Çünki hazırlanan müxtəlif proqramlar həmin mesajlar açıldıqda aktivləşir. Beləcə, istifadəçinin fərdi məlumatları da oğurlanır. Bundan başqa, istifadəçi digər yerlərdə də hesabına daxil olarkən ehtiyatlı olmalıdır. Antivirus proqramlarından daha effektiv istifadə etməlidir".

"Dövlət və qeyri-dövlət qurumlarında da təhlükəsizliyə cavabdeh olanlar var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti var. Vətəndaşlar hansısa təhdidlə üzləşərsə, bu quruma da müraciət etməlidirlər. Amma düşünürəm ki, belə bir vəziyyətdə, yəni, müraciətlərin olub-olmasından asılı olmayaraq ETX-i özü fəallaşmalıdır. Amma təəssüflər olsun ki, mən heç onların hansısa bir açıqlamalarına da rast gəlmədim. Bu qurum media vasitəsi ilə vətəndaşlara, ictimai sektora mesajlar verməli, təhlükələrdən xəbərdar etməli, atılması vacib addımlardan danışmalı, çıxış yolları göstərməlidir", - deyə O.Gündüz əlavə edib.

Ekspert vətəndaşları da diqqətli olmağa səsləyib.

Artıq bu gün yaranmış vəziyyətlə əlaqədar olaraq adıçəkilən qurum özünün rəsmi informasiya portalından bu haqda məlumat paylaşıb.

Bildirilir ki, Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən ölkəmizin sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar baş verir. Hücum metodlarından birində kibercinayətkarlar "Şifrəmi unutmuşam" bildirişindən istifadə edərək istifadəçilərin mobil nömrələrinə parolu bərpa et linkləri göndərir və onların hərəkətlərini izləyir. İstifadəçilər bu keçidləri sosial mediada paylaşdıqları zaman həmin keçidlərdən istifadə olunmaqla parol dəyişilir və hesab ələ keçirilir.

Elektron Təhlükəsizlik Xidməti bu həssas dövrdə vətəndaşlarımızı xüsusilə diqqətli olmağa, sosial şəbəkə hesablarının təhlükəsizliyinə ciddi yanaşmağa və hesablarını qorumaq üçün vaxt itirmədən aşağıdakı ümumi qaydalara əməl etməyə çağırır:

Şübhəli linklərə keçid etməyin!

Sosial şəbəkə hesablarının ələ keçirilməsinin ən çox yayılan səbəblərindən biri istifadəçilərin kiberdələduzların "tələsinə" düşməsidir ("fişinq").

Kiberdələduzlar login məlumatlarını ələ keçirmək üçün müxtəlif sosial mühəndislik üsullarından istifadə etməklə istifadəçilərə cəlbedici vədlər verərək onları zərərli keçidlərə klikləməyə sövq edir. Keçidə klikləyən istifadəçi Facebook, İnstagram, Twitter və digər sosial şəbəkələrin saxta login səhifələrinə yönəldilir, istifadəçi adı və parolunu daxil edir.

Xaker, arxiv şəkli
© Sputnik / Natalya Seliverstova

Bu cür mesajlar sosial mediada qarşınıza çıxa, e-poçtunuza göndərilə və hətta dostlarınızdan belə gələ bilər. Bu səbəbdən hər bir mesajın həqiqiliyinə şübhə ilə yanaşın.

Hesablarınıza daxil olmaq üçün brauzerdə açılan yeni səhifədə internet ünvanını əllə daxil edin.

Unutmayın, heç bir sosial şəbəkə provayderi istifadəçilərə e-poçt və ya bildiriş göndərməklə parolunu təqdim etməyi və ya hər hansı üçüncü tərəf tətbiqi yükləməyi tələb etmir.

Güclü və unikal parollardan istifadə edin!

Zəif parollar sosial şəbəkə hesablarının ələ keçirilməsinin digər ən çox yayılan səbəblərindəndir.

Sosial şəbəkə hesablarınızın hər biri üçün unikal parol seçin, onu başqa yerdə istifadə etməyin və digər şəxslərlə paylaşmayın.

Kiçik və böyük hərflərin, rəqəm və işarələrin kombinasiyasından istifadə etməklə 10-12 simvol uzunluğunda güclü parol yaradın.

Parol yaradarkən adınız, doğum tarixiniz və s. kimi fərdi məlumatlarınızdan, "parol" və s. kimi ümumi sözlərdən istifadə etməyin. Eləcə də, "12345" kimi ardıcıl rəqəmlərdən və ya "qwerty" kimi ardıcıl klaviatura düymələrindən istifadə etməyin.

Mobil nömrənizə, e-poçtunuza sosial şəbəkə hesabınızla bağlı gələn bildirişləri paylaşmayın!

Hesabınızla bağlı sizə göndərilən e-poçtları, keçidləri, bildirişləri digər şəxslərə yönləndirməyin və ya başqa yerdə paylaşmayın. Həmin bildirişlərdə hesabınızla bağlı həssas məlumatlar yer alır və hesablarınızın asanlıqla ələ keçirilməsinə imkan yaradır.

İki mərhələli autentifikasiyadan istifadə edin!

Bu, üstün təhlükəsizlik tədbiri hesab olunur və demək olar ki, bir çox sosial media platformasında tətbiq edilir. Bu funksiya aktiv edildikdə, yeni cihazdan hesabınıza giriş edildikdə, hesabla əlaqəli telefon nömrəsinə və ya e-poçta təsdiqləmə kodu göndərilir. İstifadəçi adınız və parolunuzu ələ keçirsə belə, kibercinayətkar bu kodu bilmədən hesabınıza daxil ola bilmir.

Üçüncü tərəf tətbiqlərə və saytlara hesabınıza giriş imkanı verərkən diqqətli davranın!

Çox vaxt yeni hesab yaradarkən prosesi asanlaşdırmaq məqsədilə "Facebook ilə daxil ol", "Google ilə daxil ol" kimi seçimlər qarşımıza çıxır. Unutmayın ki, etibarlı və ya təhlükəsiz sayt və tətbiqlər bununla yanaşı, başqa əsas qeydiyyat vasitəsi (məsələn, e-poçtdan istifadə) də tətbiq edir. İlk öncə tətbiqin və ya saytın etibarlılığını araşdırın.

Həmçinin icazə verdiyiniz üçüncü tərəf tətbiqlər üçün sosial hesabınızda hansı məlumatların əlçatan olduğunu yoxlayın. İstifadə etmədiyiniz tətbiqləri silin.

Yeniləməni unutmayın!

Brauzerinizi və əməliyyat sisteminizi mütəmadi olaraq yeniləyin. Antivirüs proqramlarından istifadə edin.

Hesabınızla əlaqəli istifadə etdiyiniz e-poçt əlçatan, mobil nömrə isə işlək olmalıdır!

Təcrübədə görünür ki, çox zaman istifadəçilər qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçtun parolunu unudur və ya işlək olmayan mobil nömrələr qeyd edirlər. Unutmayın ki, hesabınız ələ keçirildikdə onun bərpa olunması üçün bu e-poçtdan istifadə olunur.

İctimai və ya ortaq istifadə edilən cihazlarda hesabınızdan çıxış etməyi unutmayın!

Bu zaman "Şifrəni yadda saxla" funksiyasından istifadə etməyin.

İctimai və ya başqasına məxsus wi-fi-dan istifadə edərək sosial şəbəkə hesablarınıza daxil olmayın.

Tanımadığınız şəxslərdən dostluq təkliflərini qəbul etməyin!

Kiberdələduzlar haqqınızda daha çox məlumat öyrənmək məqsədilə saxta hesablar yaradaraq sizə dostluq sorğuları və zərərli mesajlar göndərə bilər.

Hesabınızla bağlı şübhəli fəaliyyət aşkarladığınızda, dərhal parolunuzu yeniləyin!

Son olaraq, hesabınıza daxil ola bilmirsinizsə, təşvişə qapılmayın. Hesabınızı bərpa etmək üçün sosial şəbəkə provayderinin təlimatlarınızı izləyin və parolunuzu dəyişin.

Bu kimi hallarla qarşılaşdığınız zaman metodiki dəstək üçün www.cert.az rəsmi saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməyiniz xahiş olunur.

Qeyd edək ki, artıq ötən gündən bir neçə şəxsin "Facebook" profili ələ keçirilib.

8