Orta məktəb, arxiv şəkli

Məktəbdə daha bir insident: Bu dəfə uşaq 2-ci mərtəbədən düşdü

94
(Yenilənib 16:33 13.05.2019)
VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb

BAKI, 13 may — Sputnik. Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb. Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. 

Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONA-ya faktı təsdiqləyiblər: "Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən verilən məlumata görə, mayın 13-ü tənəffüs zamanı, saat, təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib".

Bakı Şəhər Təhsil İdarəsindən o da bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür.

94