Sel

Şamaxıda təbii fəlakət xəbəri təkzib olunur

125
(Yenilənib 11:04 08.04.2019)
AAYDA: Ərazidə belə bir hadisə baş verməyib və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmayıb

BAKI, 8 aprel — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Pirsaat çayına gələn selin Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsini dağıtması, nəticədə nəqliyyatın hərəkətində çətinlik yaranması ilə bağlı mediada yayılan xəbərlərə aydınlıq gətirib.

AAYDA-dan Sputnik Azərbaycan-a verilən məlumatda bu xəbər təkzib edilib: "Ötən gün bəzi xəbər saytlarında Şamaxı rayonunda Pirsaat çayına gələn selin Sabir qəsəbəsində avtomobil körpüsünün bir hissəsini dağıtdığı, nəticədə nəqliyyatın hərəkətində çətinlik yarandığı barədə məlumat gedib. Qeyd edək ki, son günlər ərzində sözügedən ərazidə belə bir hadisə baş verməyib və avtomobil körpüsündə heç bir dağıntı qeydə alınmayıb".

"Məlumat üçün bildirək ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir. Bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istərsə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədilə Pirsaatçay körpüsünün qarşısında 45 metr uzunluğunda yeni yeraltı keçid inşa edilir. Bu səbəbdən də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib" – deyə AAYDA-nın məlumatında əlavə edilib.

125
Teqlər:
təbii fəlakət, sel, Şamaxı, AAYDA
Əlaqədar
Müsəlman ölkəsini indi də sel aparır
Sel Azərbaycanın bu bölgəsinə ciddi ziyan vurdu