Baş Prokurorluq

Bakıda şagirdin intiharı ilə bağlı cinayət işi başlandı

147
(Yenilənib 17:46 06.04.2019)
Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır

BAKI, 6 aprel — Sputnik. Bakıda özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin ölümünə görə cinayət işi başlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır.

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu və Bakı Şəhər Təhsil İdarəsi tərəfindən müvafiq araşdırmalar aparıldığı bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri və sosial şəbəkə istifadəçilərinə araşdırmaların nəticələrini gözləmək tövsiyə edilir.

Onu da qeyd edək ki, bəzi KİV-lərdə hadisənin başvermə səbəbləri ilə bağlı insanların heysiyyatına toxunan əsassız məlumatlar yayılır və bu kimi hallar peşəkar media prinsiplərinə ziddir.

147
Əlaqədar
Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı
Bakıda özünü məktəbin pəncərəsindən atan şagird öldü