Kerosin lampası, arxiv şəkli

Səhlənkarlıq ucbatından yanan uşağa görə heç kəs məsuliyyətə cəlb olunmayıb

9062
(Yenilənib 12:31 23.02.2019)
Körpə uşağının üstünə kerosin lampasını aşıran ana ilə bağlı cinayət işinə xitam verildi

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Gəncədə iki yaşlı Anjela Ələkbərovanın xəsarət alması ilə nəticələnən valideyn səhlənkarlığı faktı ilə bağlı açılmış cinayət işinə xitam verilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd edək ki, fevralın 14-də Göygöl rayonunda yanan kerosin lampası körpə uşağın üstünə aşıb. Həmin lampaya uşağın anası Zülfiyə Ələkbərova benzin tökübmüş. Ananın yanan lampanı uşağın üstünə aşırması nəticədə körpənin əli, üzü və ayağı yanıb. Uşağın yanıq yarası dərin olub. Onun anası isə yüngül yanıq xəsarəti alıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda uşağın vəziyyəti kritikdir. Fevralın 21-də uşağı dövlət strukturlarının köməyi ilə böyük çətinliklə Türkiyəyə - İstanbulun Bağcılar Yanık Merkezi Medicine Hospital-a aparmaq mümkün olub. Azərbaycanın "Uşaqların Xoşbəxt Gələcəyi" Fondunun sədri Nərgiz Babayeva-Kərimova bu məsələdə onlara çox kömək edib. Onun sayəsində uşağın Türkiyəyə göndərilməsi üçün lazım olan vəsait toplanıb. Fondun rəhbəri hazırda uşağın yanındadır.

İki yaşlı Anjelanın taleyini bütün cəmiyyət izləyir. Sosial şəbəkələrdə bu faciəvi hadisə böyük rezonans doğurub.

"Məsələ ondadır ki, onlar uşağı Türkiyəyə aparmağa razılıq almaq üçün Anjelanın atasını tapa bilməyiblər. Amma dövlət strukturlarında çalışan yüksək vəzifəli şəxslərin sayəsində bu problem həllini tapıb. Biz hamımız dua edirik ki, bu uşaq yaşasın. Hadisənin özünə gəlincə, Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı "səhlənkarlıq" maddəsi ilə cinayət işi açılıb. Mən burada səhlənkarlığın olduğunu, anasının lampanı qəsdən uşağın üstünə aşırdığını düşünürəm" - deyə Ağazadə bildirib.

Hüquq müdafiəçisi bu qənaətə Ələkbərovlar ailəsinin vəziyyətini təhlil edərək gəlib. İş ondadır ki, Kəlbəcər rayonunda anadan olmuş Zülfiyə Ələkbərova kerosinlə özünü də yandırmağa cəhd edib. Buna görə də, onun psixi vəziyyətinin tibbi yoxlamadan keçirilməsinə ehtiyac var. Bəzi məlumatlara görə, Ələkbərovanın böyük uşağı məhkəmənin qərarı ilə onun ərinin bacısının himayəsinə verilib. Amma bunun səbəbləri barədə heç nə məlum deyil.

"Mən bunu cinayətkar səhlənkarlıq adlandırıram. Uşaqların böyüdüyü normal ailələrdə valideynlər xoşagəlməz hadisələrin baş verməməsi üçün təhlükəsizlik tədbirləri görürlər. Burada isə başqa cürdür. İstənilən halda Ələkbərova ilə bağlı faktın araşdırılmasının axırını gözləmək lazımdır" - deyə Ağazadə bildirib.

Bununla belə, DİN-dən bildiriblər ki, təhqiqat zamanı uşağın anasının əleyhinə heç bir sübut tapılmayıb və onunla bağlı səhlənkarlığa görə qaldırılmış cinayət işinə xitam verilib. Hüquq-mühafizə orqanları yalnız uşağın zərər çəkmə faktını araşdırıb. Ananın özünə qəsd etməsi və böyük oğlunu qohumlarının himayəsinə verməsinə gəlincə, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına heç nə məlum deyil.

9062