Rinq, arxiv şəkli

Qripdən öldüyü deyilən idmançının qardaşından ilginc iddia: "Xamis xəstəlikdən ölmədi"

13097
(Yenilənib 16:51 28.01.2019)
Səhiyyə Nazirliyi: Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz edib

Təranə Xuxabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib. Dünəndən bəri bəziləri idmançının qripdən, daha dəqiq desək, H1N1 virusundan, yəni "donuz qripi"ndən vəfat etdiyini iddia edirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı idmançının qardaşı Xəlil Məmmədovla əlaqə saxlayaraq yazılanlara aydınlıq gətirməyə çalışıb. X.Məmmədov bildirib ki, qardaşı bir neçə gün öncə buxar vannası (parnoy) qəbul etdikdən sonra ağciyərləri möhkəm soyuqlayıbmış.

"Ötən cümə axşamı vəziyyəti ağırlaşıb, özünü yaxşı hiss eləməyib və Sabunçu xəstəxanasına (3 saylı Şəhər Klinik Xəstəxana – red.) müraciət edib. Həkimlər müayinə edərək bildiriblər ki, ciyərlərində ləkə var. Buna görə də müalicə olunmaq üçün xəstəxanada yatmalıdır. Mən qardaşımı özəl xəstəxanaya aparmaq istəsəm də, o, evinə yaxın olduğu üçün Sabunçu xəstəxanasında qalmağı israr etdi. Həkimlər də Xamisdə ciddi problem olmadığını, 10 gün müalicə alacağını, hərarətinin düşəcəyini bildirdilər" – deyə o, qeyd edib.

Xəlil Məmmədovun sözlərinə görə, xəstəxanada tək qalan idmançı gecə 01:00-02:00 radələrində keçinib: "Bizə isə gec məlumat veriblər. Meyiti görəndə anladıq bunu. Qızdırması qalxıb, həkimlər nəzarət etməyiblər. Ağciyərin pnevmaniyası yüngül xəstəlikdir, qardaşımı xəstəlikdən yox, həkimlərin diqqətsizliyi ucbatından itirdik".

Vəfat edən idmançının qardaşı onu da vurğulayıb ki, meyitin ekspertizasını özləri istəməyibər: "Hamı evdə elə vəziyyətdə idi ki, meyitin yarılmasını gözləyə bilmirdik. Meyitin yarılması, ekspertiza olunması günlər çəkəcəkdi. Ona görə razı olmadım. Günahkar bilər, Allahı bilər. Onsuz qardaşımı geri qaytara bilməyəcəkdik".

X.Məmmədov dünya çempionumuzun UFC döyüşçüsü Həbib Nurməhəmmədovu məğlub etməsi barədə deyilənlərə də aydınlıq gətirib: "Xamis 2005-2006-cı illərdə Dağıstan çempionatında Həbib Nurməhəmmədova bir dəfə qalib gəlib. Amma sonralar bir dəfə də görüşləri olub. Onda isə qardaşım Həbibə məğlub olub. Xamis tez-tez Dağıstana gedir, orada məşq edirdi. Hətta Həbibin atası Xamisin müəllimi də olub".

Xəlil Məmmədovun iddiasına münasibət öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, idmançı 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya diaqnozu ilə, ağır vəziyyətdə gətirilib.

"Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən, xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub" - deyə nazirlikdən vurğulanıb.

13097
Teqlər:
qrip, xəstəxana, xəstəlik, Vəfat, idmançı
Əlaqədar
Azərbaycanda yüksək vəzifəli şəxs vəfat edib
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəfat edib
Azərbaycanlı dünya çempionu vəfat edib