Təcili tibbi yardım

Bakı-Sumqayıt yolunda müdhiş qəza, çoxlu sayda yaralı var

4177
(Yenilənib 22:02 07.12.2018)
Xırdalanda sərnişin avtobusu aşıb, 9 nəfər yaralanıb

BAKI, 7 dekabr - Sputnik. Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

“Report” xəbər verir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

119 saylı sərnişin avtobusunun ilkin olaraq hansı səbəbdən aşdığı da məlum olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qəzanın avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması səbəb olub.

"Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda, 20 Yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-174" dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq", - o deyib.

4177