BAKI, 2 dekabr - Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qəbələ" - "Zirə" matçı təxirə salınıb.
"Report" xəbər verir ki, buna Qəbələdəki havanın qatı dumanlı olması səbəb olub.
Görüşün baş hakimi Vüqar Həsənli 15 dəqiqəlik fasilə elan etdikdən sonra, daha 10 dəqiqə gözləyib. Lakin hava şəraiti matçın davam etdirilməsinə imkan verməyib. Görüş sabah saat 14:00-da qaldığı yerdən davam etdiriləcək.
Qeyd edək ki, 57-ci dəqiqədə dayandırılan oyunda hesab açılmayıb.
BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.
DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.
Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BAKI, 16 yanvar - Sputnik. Astara rayonu ərazisində, Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib. Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.
BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.