BAKI, 2 dekabr - Sputnik. Çinin Yunnan vilayətində yaşayış binasında baş verən yanğında 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə yerli vaxtla gecə saat 1:58-də vilayətin inzibati mərkəzi olan Kunmin şəhərinin Sişan rayonunda baş verib.
Polisin məlumatına əsasən, 5 nəfər sırf yanğın səbəbindən, digər 3 nəfər isə xilas olmaq üçün binanın müxtəlif mərtəbələrindən tullanarkən yıxılaraq ölüb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Hazırda təhqiqat aparılır.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu ildən əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. 2021-ci ilin yanvar ayı üzrə pensiyalar ödənilsə də, pensiyalara artım hesablanmayıb. Sputnik Azərbaycan pensiyaların artımının nə vaxtdan ödəniləcəyini araşdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Dövlət Statistika Komitəsindən orta aylıq nominal əmək haqqına dair məlumatlar nazirliyə göndərildikdən və Prezidentin müvafiq sərəncamından sonra pensiyalar yanvar ayının artımı daxil olmaqla ödəniləcək. Nazirlik bu məsələdə icraedici funksiya daşıyır.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda isə bildirilir ki, 2020-ci il üzrə istehlak qiymətləri indeksinə dair məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə artıq göndərilib:
"Orta aylıq nominal əmək haqqına dair məlumatlar isə Dövlət Statistika Komitəsinin Statistik işlər proqramına uyğun olaraq cari ilin fevral ayının ilk ongünlüyündə təqdim ediləcək".
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunacaq rəsmi məlumatda 2020-ci il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2021-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq.