Massaj

Bakıda massajçı qadını öldürüblər

274
(Yenilənib 13:16 15.11.2018)
Tbilisi prospektində iki uşaq anası olan qadının meyiti aşkarlanıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Bakının Yasamal rayonunda qadının amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən insident baş verib. Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə noyabrın 14-də RPİ-nin 27-ci polis bölməsinin ərazisində - Tbilisi prospektindəki kirayə mənzillərdən birində qeydə alınıb. Qətlin qurbanı 1967-ci il təvəllüdlü Bakı sakini İradə Mütəllimova olub.

Onun ölümü barədə polisə məlumat axşam saat 22:00 radələrində gəlib. Araşdırma zamanı qətlin gündüz baş verdiyi məlum olub. Cinayətkar qadının başına küt alətlə vurub. Cinayətin törədildiyi yerdə həmin alət tapılmayıb.

Məlum olub ki, Mütəllimova göstərilən ünvanda oğlu və qızı ilə birlikdə yaşayıb. Qadın salonların birində massajçı işləyib və massaj etmək üçün xüsusi ünvanlara da gedib.

Qətl törədilən vaxt uşaqlar evdə olmayıb. Hüquq-mühafizə orqanları qətlin qadının keçmiş əri tərəfindən törədilmə ehtimalını araşdırıb. Lakin bu versiya təsdiqini tapmayıb. Hazırda istintaq-əməliyyat qrupu şübhəli şəxsi müəyyənləşdirmək və qətlin motivini təyin etmək üzərində işləyir.

274
Teqlər:
qətl, qadın, masaj
Əlaqədar
Bakıya uşağını görməyə gələn qadın qətlə yetirilib
Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi
Azərbaycanlı keçmiş polisin törətdiyi qətldə yeni məqamlar ortaya çıxıb
Qandal, arxiv şəkli

Salyanda Gigiyena Epidemiologiya Mərkəzinin rəhbəri saxlanılıb

10
(Yenilənib 22:50 22.01.2021)
İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

BAKI, 22 yanvar — Sputnik. Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Xatırladaq ki, bir qədər əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədovu da saxlayıblar. 

10
ANAMA əməkdaşı, arxiv şəkli

Mülki şəxs Cəbrayılda minaya düşdü

35
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2, 116.0.6  və digər maddələri ilə cinayət işi başlanıb

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

35
Teqlər:
ANAMA, mina, Qarabağ, Cəbrayıl

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0