Yanğın, arxiv şəkli

Daşkəsəndə 5 nəfərin diri-diri yandığı dəhşətli faciənin təfərrüatları məlum oldu

385
(Yenilənib 21:19 14.11.2018)
Qonşular yanğın barədə evin damı çökəndən sonra xəbər tutublar

BAKI, 14 noyabr — Sputnik. Daşkəsəndə 5 nəfərin ölümü ilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, yanğın rayonun Quşçu kənd sakini, 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus fərdi evdə baş verib. Yanğında 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, 2010-cu il təvəllüdlü Tağıyeva Aygün Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının meyitləri aşkar olunub.

Hadisə zamanı ev sahibi Gəncə şəhərində xəstəxanada müalicə alan həyat yoldaşının yanında olub. Yanğın zamanı ölən 2007-ci il təvəllüdlü Edilxanova Günel Qoşqar qızının anası – ev sahibinin qızı da anasının yanında olduğuna görə, övladını valideynlərinin evinə aparıb və qardaşı Asim Tağıyevin ailəsinin yanında qoyub.

Axşam saatlarında Asim mal-qarasının gəlmədiyini görüb, onların dalınca gedib. Mal-qaranı tapmayan Asim gecə saatlarında onları axtarıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə onun həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 baldızı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğın evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Qonşular yanğın barədə evin damı çökəndən sonra xəbər tutublar. Amma artıq gec olub.

Yanğın zamanı ümumi sahəsi 150 kvadratmetr olan ev tamamilə yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

385
Əlaqədar
Dəhşətli yanğın hər saat can alır
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
Sumqayıtın "Karvan"ında yenə yanğın
Şimal Elektrik Stansiyasında güclü yanğın oldu - VİDEO
Yanğın 31 nəfərin həyatına son qoydu