Kişi və qadın

Dağıstanlı qadından azərbaycanlı kişiyə qarşı şok ittiham - Belə fırıldaq görünməmişdi

10519
(Yenilənib 16:34 07.11.2018)
Lənkəran sakininin Dağıstandan olan ikinci arvadı onun birinci arvadını və 3 uşağını görəndə gözlərinə inanmayıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Lənkəran sakini çətin maliyyə böhranından çıxmağın asan yolunu tapıb - eyni anda iki arvad alıb. İndi kişinin ikinci arvadı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət edərək ərinin qanunauyğun şəkildə cəzalandırılmasını tələb edir.

Bu barədə Sputnik Azərbaycan-a Rusiya vətəndaşı, Dağıstanın Daqestanskiye Oqni şəhərində yaşayan, 33 yaşlı Cəmilə Əhmədova məlumat verib.

Əhmədova iki uşağını təkbaşına böyüdən tənha anadır. Qadın öz həyatını Azərbaycan vətəndaşı, Lənkəran rayonunun Velədi kənd sakini, 1986-cı il təvəllüdlü Elməddin Məmmədoğlu ilə birləşdirib. Lakin sonra buna çox peşman olub, çünki ərinin fırıldağının qurbanına çevrilib.

Kişi qadının etimadından sui-istifadə edərək onun külli miqdarda pulunu mənimsəyib. Bu az imiş kimi, Məmmədoğlu Əhmədovanı davamlı olaraq aldadıb və onun valideynlərinə də yalan danışıb.

"Mən ərzaq dükanı işlədirəm. 2015-ci ilin may ayından etibarən Elməddinlə vətəndaş nikahında yaşayıram. Biz onunla topdansatış bazarında tanış olmuşuq. O, meyvə-tərəvəz alveri ilə məşğul olurdu, mən isə ondan mağaza üçün mal alırdım. İki il ərzində o, mənə diqqət yetirirdi və mənimlə tanış olmağa cəhd edirdi. Mən onun niyyətinin təmiz olduğuna inandım və nəhayət ona təslim oldum. O, atamla 2015-ci ildə tanış oldu və məni atamdan istədi" - deyə Əhmədova Məmmədoğlu ilə evlilik tarixçəsini anladıb.

Məmmədoğlu Əhmədovaya deyib ki, onun iki uşağı var və arvadı ağır xəstədir. Onun sözlərinə görə, ikinci oğlu dünyaya gələndən sonra arvadı xəstələnib və həkimlər ona əri ilə əlaqədə olmağı qadağan ediblər. Həkimlər deyiblər ki, o, cavan öləcək. "Mərhəmətli" Məmmədoğlu və onun valideynlərinin gəlinə yazıqları gəldiyindən, ona öz evlərində yaşamağa icazə veriblər. Məmmədoğlu bildirib ki, valideynləri ona ikinci dəfə evlənməyə də icazə veriblər.

"Dillərini bilmədiyimdən, mən onun valideynləri ilə əlaqə yaradıb bu məlumatları dəqiqləşdirə bilmədim. Eyni zamanda, Elməddin müqəddəs "Quran" kitabını alaraq ona and içdi ki, həqiqəti deyir və onları aldatmır. O dedi ki, mənim qanuni ərim olmaq istəyir. Mən ona inandım və İslam qaydalarına görə onun kəbinli arvadı oldum. Biz birlikdə mənim valideynlərimin evində yaşamağa başladıq" - şikayətçi bildirib.

Məmmədoğlunun gözəl xarakteri qadının doğmalarının xoşuna gəlib. Bir müddət keçəndən sonra o, işdən evə gələrək deyib ki, iki maşın İran malında ziyana düşüb. O, bu ziyanı aradan qaldırmaq üçün ona təcili pul lazım olduğunu deyib. Arvadı çox fikirləşəndən sonra faizə borc götürərək ərinə verib. Ər söz verib ki, tezliklə pulları qaytaracaq. Qadın da onun sözünə inanıb. Lakin üstündən iki ildən də artıq vaxt keçməsinə baxmayaraq, kişi hələ də 3 milyon rubl (hazırda 1 rubl 0.025 AZN-dir - red.) pulu qaytarmayıb.

Sonra kişi deyib ki, mal sifariş etmək və yenidən işə başlamaq üçün ona pul lazımdır. Yalnız bu halda borclarını qaytara biləcək. Cütlük Dərbənd şəhərindəki "Podyom" bankına gedərək oradan 250 min rubl məbləğində kredit götürüb. Bir neçə gündən sonra Məmmədoğlu bildirib ki, mal dalınca Gürcüstana getməlidir və gedib də. Lakin geri qayıdarkən onu Azərbaycana beş illik deportasiya ediblər.

Deportasiya ediləndən sonra o, Əhmədovaya zəng edərək indiki pasportunu dəyişən kimi Belarus ərazisindən Rusiyaya qayıdacağını deyib. Amma bunun üçün ona 220 min rubl lazımdır. Qadın yenidən bu məbləği taparaq 6 ay ərzində Məmmədoğlunun pasportunu dəyişməyə söz verən Elvin adlı dostuna çatdırıb. Yarım il ərzində Elməddin "Qazel" markalı avtomobillə daşıma xidməti göstərib. Lakin borclarını qaytarmağa hazırlaşmayıb. O deyib ki, "Qazel"i pulunu hissə-hissə ödəmək şərtilə alıb.

"Mən Mahaçqala xəstəxanasına düşdüm, cərrahiyyə əməliyyatı keçirdim, amma bu müddət ərzində ərim mənə bir rubl belə, kömək etmədi. Altı ay keçəndən sonra o, Belarusdan keçməklə geri qayıtdı və mağazada mənə kömək etməyə başladı. "Borclarını necə ödəmək fikrindəsən?" sualıma o, "narahat olma, mən hamısını bir ilə qaytaracağam" deyə cavab verirdi. Biz hər şeyimizi ona etibar eləmişdik: evimizi, mağazamızı" - deyə zərərçəkmiş bildirib.

2018-ci ilin yanvarında Əhmədovanın atası qızını və kürəkənini Moskvaya avtomobil almağa göndərib. Onlar 750 min rubla BMW markalı avtomobil alaraq evə qayıdıblar. Maşın qayınatanın adına qeydiyyata alınıb. Məmmədoğlunun borclarını atasından xəlvət Əhmədova özü ödəyib. O, bunun üçün qiymətli zinət əşyalarını satıb və uşaqlıqdan onun adına yığılan əmanətləri bankdan çıxararaq verib.

Tezliklə gənc ailəyə Elməddinin anası, bacısı, yeznəsi və onların uşaqları qonaq gəlib. Onlar bir həftə qonaq qalıblar. Oğlanın anası gəlininə deyib ki, Elməddinin arvadı çox xəstədir.

"Bizim ailə onun anasının çox xoşuna gəldi. Qadın məni özlərinə qonaq çağırdı ki, barmağıma üzük taxsın. Anasını və qohumlarını vətənə yola salandan bir həftə sonra ərim gəlib dedi ki, valideynlərim evlərini kredit müqabilində girov qoyublar və onların kredit borcunu ödəməyə pulu yoxdur. Elməddinin valideynləri ona zəng edərək 350 min rubl borc istəyiblər. Bu pul onlara krediti bağlamaq üçün lazımdır ki, evləri əllərindən çıxmasın. Mən yenə də öz evimin sənədlərini banka girov qoyaraq pul götürüb onlara göndərdim" - deyə qadın bildirib.

Məmmədoğlu indi də Moskvaya işləməyə gedəcəyini bildirib. Deyib ki, borc götürdüyü pulları qaytara bilmək üçün qazanc dalınca gedir. O, həmçinin birinci arvadının öz valideynlərinin yanına çıxıb getdiyini deyib. Moskvaya gedərkən, taksiyə artıq pul xərcləməmək üçün BMW-ni istəyib. Əhmədovanın atası Elməddinə öz oğlu kimi yanaşdığından, maşını ona verib. Qayınata maşını etibarnamə ilə yeznəsinə verib ki, Moskvada sənədlərlə bağlı problem yaranmasın.

Bir neçə gündən sonra əri yenidən Əhmədovaya zəng vuraraq bir neçə maşın yük vurduğunu və ona yenə pul lazım olduğunu deyib. Əhmədova bu dəfə də tələb olunan pulu Elməddinə göndərib. Bir ay sonra Məmmədoğlu xəbər vermədən Dağıstana qayıdıb. Deyib ki, ona təcili yük vurmaq lazımdır. O, bu dəfə özünü son dərəcə şübhəli aparıb və otağına qapanıb. Gələndən bir gün sonra arvadından 85 min rubl götürərək Moskvaya bilet alıb və təyyarə ilə ora uçub.

"O dedi ki, maşını dəyişmək istəyir, ona görə onu satışa çıxarıb. Elməddin gedəndən sonra anam 150 min rubl dəyəri olan qızıl-zinət əşyalarının yoxa çıxdığını görüb. Həmin vaxt evdə Elməddindən başqa heç kəs olmayıb və qızıllar bizim otaqda olub. Sonra mən sənədləri yoxlayanda gördüm ki, maşının sənədləri də yoxdur" - Əhmədova deyib.

Qadın artıq başa düşüb ki, əri onu aldadır. O, Elməddinə zəng edərək ondan BMW-ni satışa qoyduğu salonun ünvanını istəyib. Əri isə ona mövcud olmayan ünvanı göndərib. Məmmədoğlu növbəti dəfə arvadına zəng edərək ona pul lazım olduğunu deyib. Onun sonuncu zəngi Moskvadan edilib. Bu dəfə də, guya onun sənədlərini oğurlayıblar və o, Bakıya getməlidir. Əhmədova bir xeyli fikirləşəndən sonra öz qohumları ilə birlikdə Lənkərana gedib ki, ərini yoxlasın.

Lakin Lənkərana gələndə Əhmədova tam əmin olub ki, Elməddin fırıldaqçıdır. Burada onun qarşısına bir ailə portreti çıxıb - Elməddin, onun sap-sağlam arvadı və üç uşağı. Arvadı bu yaxınlarda bir dənə də qız doğub. Əhmədova başa düşüb ki, Elməddin ondan kələk gələrək aldığı bütün pulları birinci ailəsinə yönəldib.

Kişi özünün dağıstanlı qohumlarını qarşısında görərkən qaçıb və indiyə qədər də ikinci arvadının zənglərinə cavab vermir. Onun valideynləri bütün pulları qaytaracaqlarına söz versələr də, bir nəticə hasil olmayıb.

"İstəyirəm ki, onu ədalətli şəkildə cəzalandırsınlar. Mənə dəymiş ziyanı da tam ödətdirəcəyəm" - deyə zərərçəkmiş bildirib.

AR Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, sözügedən işin materialları ittiham olunan şəxsin yaşayış yeri üzrə Lənkəran Rayon Polis İdarəsinə göndəriləcək.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın bölgə müxbiri Elməddinin atası Seyvətdin Məmmədovla əlaqə saxlayıb. Seyvətdin Məmmədov bildirib ki, qadın hara istəsə, şikayət edə bilər.

"Qoy o, özünün haqlı olduğunu sübut eləsin. O qadının qohumları onlara gəlmişdi və bu barədə uzun-uzadı söhbət etmişdik. Əgər qadın sübut edə bilsə, biz ona pul borclarını qaytaracağıq" - deyə Elməddinin atası bildirib.

10519
Teqlər:
Sputnik Azərbaycan, Dağıstan, Azərbaycan, Lənkəran, rubl, pul, qadın, kişi
Əlaqədar
"Yetimlər anası"nın fırıldaqlarının üstü açıldı
Azərbaycanda fırıldaqçı kimi tanınan məşhur falçı həbs edildi
“Space” polisə müraciət etdi: Ortada 500 minlik fırıldaq var
Türkiyəli məşhur fırıldaqçının gəlir mənbəyi açıqlandı: MDB ölkəsi də var