BAKI, 6 oktyabr — Sputnik. Binədə avtobusun qatarla toqquşmasına görə 2 nəfər həbs olunub.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Qeyd edilib ki, oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bildirilib ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi, məhkəmə-narkoloji, məhkəmə yol nəqliyyat hadisələri ekspertizaları təyin edilmiş, şahidlərin ifadələri alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən "Ayşən LTD" MMC-də dispetçer işləyən Fərəcov Mübariz Kərim oğlu Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.
Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.