Ülviyyə Axundova

Qazaxda ölən Elmir Axundovun bacısı videomüraciət yaydı - EKSKLÜZİV

11740
(Yenilənib 01:18 30.09.2018)
Ülviyyə Axundova qardaşının ölümünə heç bir siyasi don geyindirməməyi, insanların acı və kədərinə hörmətlə yanaşmağı xahiş edib

BAKI, 29 sentyabr — Sputnik. Qazax Rayon Polis Şöbəsində öldüyü deyilən Elmir Axundovun bacısı Ülviyyə Axundova videomüraciət yayıb.

Ülviyyə Axundova qardaşı Axundov Elmir Mirzə oğlunun ölümü ilə bağlı sentyabrın 28-də “Youtube” kanalında çıxış etdiyini və bu çıxışının bəzi müxalif qüvvələr tərəfindən siyasi məqsədlər üçün istifadə edildiyini bildirib.

Bununla bağlı, Ülviyyə Axundova Sputnik Azərbaycan-a göndərdiyi videomüraciətdə onun icazəsi olmadan çıxışının başqa səhifə və kanallarda paylaşıldığını vurğulayıb. Mərhumun bacısı qeyd edib ki, hazırda qardaşının ölümü hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılır. O, 20 ildir YAP-ın üzvü olduğunu, müəllimə işlədiyini, polisə və qanunlara inandığını, qardaşının ölüm səbəbinin obyektiv araşdırılacağına əmin olduğunu bəyan edib.

Ülviyyə Axundova qardaşının ölümünə heç bir siyasi don geyindirməməyi, insanların acı və kədərinə hörmətlə yanaşmağı xahiş edib.

Xatırladaq ki, Elmir Axundovun Qazax Rayon Polis Şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edilib ki, istintaq zamanı, həmçinin, rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

11740
Teqlər:
Qazax Rayon Polis Şöbəsi, videomüraciət, Youtube, bacı, ölüm, Baş Prokurorluq
Əlaqədar
Qazaxda baş vermiş qalmaqallı hadisə ilə bağlı polis zabiti həbs olundu
Baş prokuror böyük təşvişə səbəb olan hadisədən danışdı: "Müstəntiqlər hadisə yerindədir"
Qazaxıstan Azərbaycan ərazisindən neft ixrac edəcək?