Pulqabında manatlar, arxiv şəkli

Pul günahkardır: Bakıda dənizdə batmış adamın kimliyi məlum olub

266
(Yenilənib 20:02 27.09.2018)
Xəzərin sahilində ölü tapılmış adamın kimliyi müəyyən edilib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Suraxanı rayonunun hüquq-mühafizə orqanları sentyabrın 20-də dənizin sahilində meyiti tapılan adamın şəxsiyyətini müəyyən edib.

Bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayon prokurorluğundan məlumat verilib.

Sputnik Azərbaycan-ın daha əvvəl də verdiyi məlumata görə, sentyabrın 20-də səhər saat 8 radələrində Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində dənizin sahilindən 30-40 yaşlı naməlum kişi meyiti tapılıb. Patologoanatomlar kişinin əlində kəsik izi aşkarlayıblar. O, bu yolla öz həyatına son qoymağa çalışıb. Kişi dənizdə batıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti tapılmış adamın şəxsiyyətini müəyyən etməkdə çətinlik çəkiblər və kömək üçün vətəndaşlara müraciət ediblər.

Həmin kişinin şəxsiyyəti artıq müəyyən edilib. Məlum olub ki, o, 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Hacıyev Hacıəli Ağabala oğludur. Hüquq-mühafizə orqanları kişinin intihar etdiyi qənaətinə gəliblər və bu səbəbdən də faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Bu arada məlum olub ki, Hacıyev Bakıdakı restoranlardan birində aşbaz işləyib. İlkin ehtimala görə, aşbaz pul borcları üst-üstə qalandığı üçün özünü öldürmək qərarına gəlib. Hazırda istintaq orqanları Hacıyevin kimə nə qədər pul borclu olduğunu müəyyənləşdirməklə məşğuldur.

266