BAKI, 7 sentyabr — Sputnik. Quba rayonunda doğuş zamanı körpə ölümü baş verib.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.
T.Sultanovanın qayınatası Salman Sultanov "Report"un yerli bürosuna açıqlamasında hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də bildirib: "Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətində öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub".
Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlyar Sərvərov isə "Report"un yerli bürosuna deyib ki, doğuş zamanı döl ölü doğulub: "Bu həkim səhvi deyil, ananın patalogiyası hesab olunur".
Faktla bağlı araşdırma aparılır.
BAKI, 1 mart - Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 1 mart - Sputnik. Martın 1-də saat 13 radələrində paytaxtın Xətai rayonu, N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlunun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda Əli Abbasovun yerinin müəyyən edilərək şübhəli şəxs qismində tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb.
Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.
Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.
"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.
O əlavə edib ki, "bu, köhnə təcrübədir".
Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib.