Körpə

Dövlət xəstəxanasından qalmaqallı xəbər-görüntü yayılıb, amma rəsmi qurum təkzib edir

12637
(Yenilənib 16:18 04.09.2018)
Baş həkimin müavini: "Ötən son müddətdə bizim xəstəxanada valideynləri tərəfindən atılmış uşaq yoxdur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Bu günlərdə sosial şəbəkədə A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında bir körpənin valideynləri tərəfindən atıldığına dair görüntü paylaşılıb. Paylaşımlarda iddia olunur ki, 6 aylıq qız uşağı ana-atası tərəfindən xəstəxanada tərk edilib və neçə müddətdir ki, həkimlər uşağa baxır. Həmin görüntünü xeyli sayda istifadəçi paylaşıb və uşağın valideynləri barəsində kəskin ifadələr yer alıb.

“Oğlumla xəstəxanada yatıram. Yanımızdakı palatada bu uşaq yatır. Təkdir, heç kimi yoxdur. Anası atıb gedib. Görün, nə gözəl qızdır. Yanına gələn kimi gülür, oynayır. Elə sevinir ki. Ay alçaqlar, uşağa baxmayacaqdınızsa, niyə dünyaya gətirirdiniz? Yadlarına düşəndə yemək verirlər. Heyf… Ürəyim ağrıdı bu üç gündə" — deyə xəbəri ilk paylaşan bir qadın sosial şəbəkədə yazıb.

Sputnik Azərbaycan məsələni dəqiqləşdirmək üçün A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına müraciət edib. Xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Eldar Rəhimov yayılan xəbərin və görüntünün onların xəstəxanası ilə əlaqəsi olmadığını deyib.

"Bir neçə gündür bu məsələ ilə bağlı bizə sual ünvanlanır, ancaq yayılmış xəbər həqiqətə uyğun deyil. Belə hal olmayıb. Xəstəxanada valideyn tərəfindən uşaq atılmayıb. Ümumiyyətlə, ötən son müddətdə bizim xəstəxanada valideynləri tərəfindən atılmış uşaq yoxdur" – deyə E.Rəhimov bildirib.

Həkim daha sonra bildirib ki, əgər belə hal olarsa, xəstəxana rəhbərliyi adiyyatı qurumlara məlumat verir, həmin uşaq körpələr evinə təhvil verilir: “Əgər uşaq xəstədirsə, körpələr evindən xəstəxanaya gətirilir və müalicə alır, yenidən həmin körpələr evinə aparılır. Bir sözlə, xəstəxananın valideynlərdən uşaq almaq və saxlamaq səlahiyyəti yoxdur. Eyni zamanda, atılmış uşaqları da saxlaya bilməz".

12637
Teqlər:
Eldar Rəhimov, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanası, valideyn, həkim, körpə, sosial şəbəkə, uşaq
Əlaqədar
Azərbaycanda 2 yaşlı körpə əməliyyat masasında öldü
Azərbaycanda doğuş zamanı körpənin ölməsinin ilkin səbəbi açıqlandı
Azərbaycanda daha bir körpə ölümü baş verib
Qadın 17 körpəni öldürməkdə şübhəli bilinir