İsmayıllı dağları

İsmayıllı dağlarında keçi axtaran oğlanlar brend pencəkli mumiya ilə qarşılaşıblar

32567
(Yenilənib 15:43 26.07.2018)
Kişinin başı bədənindən bir neçə metr aşağıdakı dərədən tapılıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 iyul — Sputnik. Keçilərini axtarırdılar, kişi cəsədi tapdılar. Hadisə İsmayıllı rayonunda baş verib. Bu barədə Sputnik Azərbaycan-a İsmayıllı Rayon Polis İdarəsindən məlumat verilib.

Qeyd edək ki, iyulun 25-də Namazgah kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə kişi meyiti tapılıb. Bu tapıntı Namazgah kəndində yaşayan oğlanlara — Atayev Elşad İkram oğluna və Babayev Elməddin Əfqan oğluna məxsusdur. Uşaqlar özlərinin itkin düşmüş keçilərini axtara-axtara kəndin yaxınlığındakı qayaya dırmaşıblar. Orada xarab olmuş kişi meyitinə rast gəliblər və bu barədə polisə xəbər veriblər.

Hadisə yerinə istintaq-əməliyyat qrupunun əməkdaşları gəlib. Hüquq mühafizəçiləri meyitin olduğu yerə çatmaq üçün piyada dağlarla 2,5 saatlıq məsafə qət etməli olublar. İlkin versiyaya görə, kişinin meyiti 1,5-2 ildir ki, oradadır.

"Bu yerlərə heç kəs gəlmir, çünki ora dırmaşmaq çox çətindir. Burada sərt qayalıqlar mövcuddur. Elə cəsədin uzun müddət dağda qalması da bununla izah edilir" — deyə asayiş keşikçiləri bildiriblər.

Onların sözlərinə görə, cəsəd açıq havada qaldığına görə hissələrə bölünüb və tanınmaz vəziyyətə düşüb. Meyitin daxili orqanları tamamilə çürüyüb, dəri örtüyü isə mumiyalanmış kimi görünür. Meyitin bu vəziyyətdə qalması dağlarda temperaturun aşağı olması ilə izah edilir.

Kişinin başı bədənindən bir neçə metr aşağıdakı dərədən tapılıb. Cəsəd ölümün səbəblərinin araşdırılması məqsədilə Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Ehtimala görə, kişi qayadan yıxılıb və ölümcül xəsarət alıb.

O da məlum olub ki, ölən adam yerli deyil, gəlmədir. "Ola bilsin kişi cavan olub. Hələlik onun yaşı və şəxsiyyəti müəyyən edilməyib. Bu istiqamətdə iş aparılır. Lakin bir detal var. Kişinin əynində "Marc O'Polo" brendindən olan, dəri əlavəsi ilə yaxşı bir parçadan tikilmiş pencək olub. Bu isə onu deməyə əsas verir ki, kişi buraya şəhərdən gəlib" — deyə hüquq mühafizəçiləri bildirib.

Başqa bir versiya isə ondan ibarətdir ki, kişi bura ov məqsədilə gəlib, lakin ölümlə qarşılaşıb. Onun qətlə yetirilməsi versiyası da istisna edilmir. Ölüm faktının araşdırılması ilə İsmayıllı Rayon Prokurorluğu məşğul olur.

32567
Teqlər:
polis, kişi, İsmayıllı rayonu, meyit, cəsəd, keçi
Əlaqədar
Həyəcan siqnalı qaldırıldı, evdən meyit çıxdı
Ağır qəza baş verdi, bir evə iki qardaşın meyiti gətirildi
Ərəb turistin Bakıdan vətənə meyitini apardılar
Zibillikdə kişi meyiti tapıldı
Masallıda faciə baş verdi, bir ailəyə 3 meyit gətirildi