BAKI, 19 aprel — Sputnik. Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Sputnik Azərbaycan-a Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.
O bildirib ki, hazırda Respublika Narkoloji Mərkəzin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.
Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzdə yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.
Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənovun aprelin 17-də işdən azad edildiyi bildirilir.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 14 yanvar - Sputnik. Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə,
hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.
Bildirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb: “Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.
FHN-in yaydığı ilkin məlumata görə, təqribən 2 ha sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.
"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.