BAKI, 16 aprel — Sputnik. Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.
Belə ki, Neftçala şəhər Bakıxanov küçəsi, ev 8-a ünvanında yaşayan, 1994-cüil təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Ölən Neftçala Rayon Polis şöbəsinin əməkdaşı, polis baş leytenatı olub.
Faktla bağlı araşdırma aparılır.
Bu, ötən gün polis əməkdaşlarının iştirakı ilə baş verən yeganə qəza deyil.
Belə ki, Füzuli rayonu ərazisində 1994-cü il təvəllüdlü Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi "Niva" markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb.
Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
E.Əsgərzadə Tərtər rayon Polis şöbəsinin əməkdaşıdır.