BAKI, 19 mart — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gün Bakının Binəqədi rayonunda bina uçub. Uçqun zamanı bir neçə avtomobil zərər görüb.
Hüquq mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə rayonun "İkinci mədən" adlanan ərazisində baş verib. Əvvəllər bina yeməkxana kimi fəaliyyət göstərib. Sonradan istismara yarasız olduğu üçün fəaliyyətini dayandırıb.
"Yeməkxana əvvəllər neft şirkətinə məxsus olub. Bina, təxminən 1930-cu illərdə istifadəyə verilib. Bir neçə il əvvəl isə fəaliyyətini dayandırıb. Ərazidə sakinlər avtomobillərini saxlayırdılar. Hadisə zamanı da 3 avtomobil tamamilə əzilib, bir neçəsi isə zərər görüb", — deyə məlumatda bildirilir.
Hadisə zamanı binada heç kəsin olmadığını və bu səbəbdən kimsənin xəsarət almadığını qeyd olunur.
Xatırladaq ki, Binəqədi rayonu ərazisində yerləşən köhnə binanın kərpicləri yataqxananın yanında park edilmiş BYD, VAZ 2106, Opel və digər markalı avtomobillərin üzərinə düşüb. VAZ 2106 daha çox əzilib və maşın, demək olar ki, tamamilə sıradan çıxıb.
BAKI, 26 yanvar — Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində partlayış baş verən ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. R.Əliyevin sözlərinə görə, hadisə yerində mütəxəssis araşdırmaları davam edir: "Ərazidə heç bir yeraltı qaz kəməri yerləşmir. Partlayış həyət evinin daxilində baş verib. Hadisənin qaz sızmasından, yaxud balon qazından baş verdiyi məlum deyil. Bununla bağlı müvafiq qurumlar araşdırma aparır. Amma orada "Azəriqaz"a aid heç bir yeraltı qaz kəməri yoxdur".
Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin meyitini çıxarıblar.
BAKI, 26 yanvar — Sputnik. Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin cəsədini çıxarıblar.