BAKI, 27 dekabr — Sputnik. Bərdədə yol polisi əməkdaşı arvadını bıçaqlayıb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, rayonun Əliyanlı kəndində 1987-ci il təvəllüdlü Sevindik Şəmşir oğlu Şükürov qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Anjela Şükürovaya bıçaqla xəsarət yetirib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, S.Şükürov Dövlət Yol Polisinin inspektorudur.
BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.
BAKI, 22 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri azad edilmiş ərazilərdə ordumuz tərəfindən həyata keçirilən tədbirlər, həmçinin Azərbaycan Ordusunda aparılan islahatlar və digər məsələlər barədə səfirə məlumat verib.
Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu və bu imkanların genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi qeyd edib.
Öz növbəsində diplomat Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.
Görüşdə regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.