Pul və qandal

Hərbi hissə komandirinə qarşı ağılasığmaz şantaj qəfil əməliyyat

1665
(Yenilənib 18:31 22.12.2017)
Məzuniyyətə çıxan əsgərin gətirdiyi sovqat böyük qalmaqala səbəb oldu

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Cəlilabad rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hərbi hissə komandirini şantaj edərək ondan pul alan şəxsi saxlayıblar. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Əldə edilən məlumatlara görə, Cəlilabad rayonunun Göytəpə şəhər sakini Tural Məmmədov saxlanılıb. Əməliyyatçılar onu cinayət başında — 300 manat məbləğində pul alarkən yaxalayıblar.

Hər şey ondan başlayıb ki, Dağlıq Qarabağda gedən Aprel döyüşləri zamanı Lələ Təpənin alınmasında iştirak edən, N saylı hərbi hissənin hərbi qulluqçusu (ad çəkilmir) bir neçə günlüyə məzuniyyətə çıxıb. Əsgər evə valideynlərinin yanına gəlib.

Azərbaycanda belə bir adət var ki, əsgər evə gedəndə bütün qohumlar onun valideynlərinin evinə yığışırlar. Bu dəfə də elə olub. Evdə açılan bayram süfrəsinin başında söhbət zamanı hərbi qulluqçu əmisinin onun xidmət etdiyi hərbi hissənin komandiri ilə keçmiş xidmət yoldaşı olduqlarını öyrənib.

Məlum olub ki, əminin həmin komandirlə bağlı gözəl xatirələri və dostluq münasibətləri var. Hərbi hissəyə qayıtmaq vaxtı çatanda əmi qardaşı oğluna narla dolu bağlama verib ki, onu hərbi xidmət yoldaşı olan komandirə çatdırsın.

Hərbi hissəyə gedərkən əsgər Cəlilabad rayonuna baş çəkib və zəng etmək istəyib. Onun telefonunda kontur olmadığına görə, təsadüfən yanında olan Tural Məmmədovdan zəng etmək üçün telefonunu xahiş edib. Tural Məmmədov telefonun diktofonunu qoşaraq onu əsgərə verib. Söhbət zamanı hərbi qulluqçu komandirə bildirib ki, ona hədiyyə gətirib. Sonra əsgər hərbi hissəyə qayıdıb və komandirə çatacaq bağlamanı verib.

Bir qədər keçəndən sonra Tural Məmmədov hərbi hissə komandirinə zəng edərək onu rüşvət almaqda günahlandırıb. Məmmədov komandiri ondan hərbi prokurorluğa şikayət edəcəyi ilə hədələyərək 200 manat tələb edib. Amma komandir bu şəxslə söhbəti davam etdirməyib və telefonu söndürüb.

Sonra Məmmədov hərbi hissə komandiri ilə bağlı prokurorluğa şikayət edib. Bundan sonra Tural Məmmədov yenə komandirlə əlaqə saxlayaraq onun haqqında şikayət etdiyini xəbər verib.

Bundan sonra komandir rayon polis şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı tarixçəni əvvəldən axıradək təfsilatı ilə danışıb. Əməliyyatçılar komandirə 300 manat verərək belə bir plan qurublar ki, o, Məmmədovla görüşərək pulu ona versin. Plan baş tutub və nəticədə şantajçı şəxs saxlanılıb. Məmmədovla bağlı AR Cinayət Məcəlləsinin 182.4 (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, cinayət qanunvericiliyinə bir sıra əlavə və dəyişikliklər edilib. O cümlədən Cinayət Məcəlləsinin 182-ci maddəsinə yeni bənd əlavə edilib. Bu bəndə görə, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə və bu əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə 13 ildən 17 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırda maksimal cəza müddəti 15 ildir.

1665
Teqlər:
hərbi hissə komandiri, polis şöbəsi, şəxs, Tural Məmmədov, hədə-qorxu, Cəlilabad rayonu, Cinayət Məcəlləsi, əsgər
Əlaqədar
Qohumunu zorlayıb şantaj edən şəxs ələ keçdi
MN: Ermənistan cəbhədə monitorinq keçirən ATƏT missiyasını şantaj edir
Bakılı "virtual şantajçı"lar ələ keçdi
Gizli səs yazısı: şantaj, yoxsa maddi sübut?
Gecə vaxtı yol, arxiv şəkli

Xalq artisinin qardaşı intihara cəhd etdi

29
(Yenilənib 21:20 27.11.2020)
Canına qəsd etmək istəyən kişi xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib

BAKI, 27 noyabr - Sputnik. Xalq artisti Əlixan Səmədovun qardaşı, 1966-cı il təvəllüdlü Vəlixan Səmədov özünü Sumqayıtda, Sülh küçəsində avtomobilin altına atıb. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, canına qəsd etmək istəyən V.Səmədov xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.

29
Teqlər:
xəsarət, avtomobil, intihara cəhd, qardaş, xalq artisti
Narkotik, arxiv şəkli

İranla sərhəddə iki qardaş tutuldu

9
(Yenilənib 17:27 27.11.2020)
Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə "heroin" və 115 ədəd "Metadon-40" həbləri aşkar olunaraq götürülüb.

  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
  • Saxlanılan şəxslərdən götürülən narkotik maddə
    © State Border Service of Azerbaijan Republic
  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı, Astara rayonunun Rüdəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

9
Teqlər:
qardaşlar, sərhəd, Astara, İran, narkotacir
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

0
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

0
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar