Qətl hadisəsi

Salyanlı ata-oğulun üz cizgiləri qorxunc mənzərə ortaya çıxarır

1304
(Yenilənib 17:38 15.12.2017)
Salyan cinayətinin pərdə arxası: Ananı öldürmək, çənəsini qırıb dişlərini çıxarmaq...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 15 dekabr — Sputnik. Salyanda baş vermiş cinayət hadisəsi düşünülüb, planlaşdırılmış hadisədir. Psixoloqların əksəriyyəti belə düşünür. Bununla belə, həmin cinayət hadisəsi haqqında müxtəlif fikirlər var.

Psixoloq Fərqanə Mehmanqızı Spitnik Azərbaycan-a açıqlamasında qeyd edir ki, Salyan rayonunda baş vermiş cinayət düşünülmüş və planlaşdırılmış cinayətdir: "Cinayət cinayətkarın affekt vəziyyətində baş vermiş olsaydı, bu zaman beş nəfər deyil, bir nəfər öldürülərdi. Çünki affekt vəziyyətinə düşmüş insan birinə zərər verdikdən sonra özünə gəlir".

Onun fikrincə, cinayətkarda manyaklaşma prosesi baş qaldırıbmış: "Çünki qanından-canından olan 4 nəfəri və həyat yoldaşını öldürmək, evdə basdırmaq və sonra heç nə olmamış kimi yaşamaq… Bunu ancaq manyaklaşmış insanlar edə bilər. Və problem ondadır ki, oğul da genetik olaraq bu manyaklığın daşıyıcısıdır".

Psixoloqun sözlərinə görə, cinayətkarların üz cizgilərinə baxmaqla hansı şüura malik olduqlarını bilmək mümkündür: "Baş vermiş bu hadisədə əsas günahkar Fərhad Əliyevdir. Onun üz cizgiləri qəddar, aqressiv, mərhəmətsiz bir insan olduğunu deyir. Bu insan üçün ana, bacı, qız heç bir fərqi yoxdur. Bu da ruhi vəziyyətin pozuntusundan irəli gəlir".

"Cinayətkarın ruhi pozuntusunun ardında da öz ailəsi, ata-anası durur. Bir qədər araşdırılsa, bəlkə daha öncə də bu nəsildə belə hadisələr baş verib. Ananı öldürmək, çənəsini qırıb dişlərini çıxarmaq, boyunbağısını götürüb satmağı oğul edə bilməz. Bunu etmək üçün ya spirtli içkinin, ya da narkotik vasitənin təsirində olmalısan" — ekspert bildirir.

F.Mehmanqızı hesab edir ki, Fəqan Əliyevin cinayətdə atası ilə əlbir olmasında bir pərdəarxası amil var: "Məcbur oluna, şantaj edilə bilər. Yəni Fəqan Əliyevin üz cizgiləri psixoloji pozuntusu olduğunu əks etdirmir. Bu şəxsdə qorxu daha çoxdur. Ancaq belə cinayəti törədib sonra susmaq bu insanların bütün psixoloji vəziyyətlərini alt-üst edib. İstər atanı, istərsə də oğulu azadlığa buraxmaq yeni cinayətlərin baş verməsi deməkdir".

Psixoloq onu da vurğulayır ki, bu şəxslərə həbsxanada belə, psixiatrik yönümlü müalicə lazımdır.

Digər psixoloq Elnur Rüstəmov isə bu hadisəni miqyasına görə böyük faciə kimi qiymətləndirir: "Ailədə oğlan uşağı 4 qızdan sonra dünyaya gəlib. Problem də bundadır. Qadın sözünə baxmalıdır, kişi kimi olmalısan. Uşağı bu düşüncə ilə böyüdüblər. Qadındırsa, kimliyinin fərqi yoxdur, sözündən çıxırsa, cəzalanmalıdır. Həmin gənc bu cinayətə zamanla hazırlanıb".

E.Rüstəmov düşünür ki, bu ailədə cəbhələşmə olub: "Qızlar ananın, oğul isə atanın tərəfində olub və sonda da belə dəhşətli hadisə baş verib. Ailədə birlik olmadığı üçün uşaq da atasının arxasınca gedib, zərərli vərdişlərdən istifadə etməyə başlayıb. Dörd qız böyüdən ana qızlarını qorumaq üçün ata ilə konfliktdə olub".

Psixoloqun fikrincə, ailədə zərərli vərdişlərdən istifadə edən varsa, mütləq problemlər yaranır: "Zərərli vərdişlər içki və s. ailənin dağılmasına, bədbəxt hadisələrin baş verməsinə səbəb olur. Oğulu da bu cinayətə ata yönləndirib. Böyük ehtimalla, növbəti qurban oğul özü olacaqdı. O ki qaldı oğulun psixoloji durumuna, ailədə sakitlik olmadığı üçün o uşağın heç bir zaman normal psixoloji vəziyyəti olmayıb. Daim utanıb, özünə qapalı olub".

1304
Teqlər:
üz cizgiləri, Fəqan Əliyev, Fərhad Əliyev, Fərqanə Mehmanqızı, arvad, oğul, Elnur Rüstəmov, Salyan, qətl, psixoloq, qız, ekspert, cinayət, ana, ata
Əlaqədar
Salyan sakinləri hələ də şokdan ayılmayıb: Qonşu qadın deyir ki...
Salyandakı dəhşətli qətlləri törədəndən yeni xəbər var
Salyandakı dəhşətli cinayətlə bağlı yeni məqam: başdaşına...
Dəhşətli Salyan cinayətində gözlənilməz dönüş
Salyan faciəsinin təfərrüatı: Kişi arvadını və qızlarını necə öldürdüyünü anlatdı
Salyandakı tükürpədici iddia təsdiqini tapdı, ata-oğul saxlanıldı
Salyandakı tükürpədici hadisənin təfərrüatı