Fədayə Laçın

Xanım müğənnimizin barəsində hökm verildi

1470
Vəkil: "Biz qərardan şikayət verəcəyik"

BAKI, 13 dekabr — Sputnik. Bu gün Nəsimi Rayon Məhkəməsində Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatətə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda iştirak edən F.Laçın vəsatətin təmin edilməsini xahiş edib.

O bildirib ki, övladı var və anası xəstədir: "Özüm 3 dəfə çağırılanda, istintaqa getmişəm. Heç vaxt gizlənməmişəm, xalqın tanınmış simasıyam. Bundan sonra da istintaqdan yayınmayacam".

İclasda Fədayə Laçının Hepatit C xəstəsi olduğu da bildirilib.

Nəhayət, məhkəmə qərar qəbul edib. Qərara görə, vəsatət təmin edilməyib.

Vəkil Türkel Süleymanlı deyib ki, qərardan şikayət verəcəklər: "Fədayə xanım heç vaxt istintaqdan gizlənməyib. Qapalı yerdə qalmaq səhhətinə pis təsir edir. Biz qərardan şikayət verəcəyik. Əgər təmin edilməsə, onun müalicə müəssisəsinə köçürülməsini istəyəcəyik".

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1470
Teqlər:
Nəsimi Rayon Məhkəməsi, Fədayə Laçın, müğənni, istintaq, qərar
Əlaqədar
Fədayə kimi ola bilməyənlərin rəzaləti
Fədayə Laçından "Qoca"nın ölümünə ilk reaksiya
Fədayə Laçının sevgilisi "Qoca" ilə videosu yayıldı
Müğənni Fədayə Laçınla bağlı ilginc xəbər: daha bir qadın tutuldu
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Gəncədə vəzifəli şəxsi həbs etdilər: 400 min manat boğazdan keçmədi

5
(Yenilənib 16:42 25.09.2020)
24 sentyabr 2020-ci il tarixdə Natiq Məmmədova Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan edilib.

BAKI, 25 sentyabr — Sputnik. Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru vəzifəsində işləmiş Məmmədov Natiq Həmid oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, istintaq tədbirləri ilə Natiq Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati binasında filialın direktorundan 400 min manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

Bundan başqa, Natiq Məmmədovun həmin vəzifədə işləyərkən 2014-cü ilin may ayında "Finca Azərbaycan" Qeyri-Bank Kredit Təşkilatına məxsus olan 15 min 600 manat məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə vəzifə saxtakarlığı törədərək həmin sənədlərdən istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Bundan əlavə, Natiq Məmmədovun vətəndaşın Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Gəncə şəhər şöbəsi və ya Yanğından Mühafizə Xidmətinin Göygöl rayon şöbəsində işlə təmin olunmasına köməklik göstərilməsi müqabilində sonuncunu ümumilikdə ona 7000 manat pul verməsinə təhrik edərək həmin şəxsdən 5000 manat miqdarda pul alaraq təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.

24 sentyabr 2020-ci il tarixdə Natiq Məmmədova Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan edilib.

Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

5
Teqlər:
audit yoxlaması, Gəncə, həbs, vəzifəli şəxs
DSX əsgəri, arxiv şəkli

DSX-dan əməliyyat: Qarabağ tərəfdən sərhədlərimizi pozan iranlılar saxlanıldı

13
(Yenilənib 14:19 25.09.2020)
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan "Kia Rio" markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 sentyabr — Sputnik. Son müddət ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 8 kiloqram 68 qram narkotik vasitənin və 8809 ədəd psixotrop həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sentyabrın 15-də Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti və sərhədboyu ərazidə naməlum avtonəqliyyat vasitəsinin olması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının "dayan" əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq ərazinin sıx qamışlıq və meşəlik olmasından istifadə edərək geriyə qaçıb. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 1 ədəd bağlama içərisində ümumi çəkisi 2 kq 950 qr narkotik vasitə (2 kq "tiryək" və 950 qr "metamfetamin") aşkar olunaraq götürülüb.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə hərəkətdə olan və hadisə yerindən uzaqlaşmağa çalışan "Kia Rio" markalı 99-HX-897 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.

Avtomobildə saxlanılan şəxslərin Salyan rayon sakinləri 1987-ci il təvəllüdlü Babayev Əliağa Rəsul oğlu və 1993-cü il təvəllüdlü Kazımzadə Nicat Zaur oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

  • Saxlanılan şəxslər Babayev Əliağa Rəsul oğlu və Kazımzadə Nicat Zaur
    © State Border Service of Azerbaijan Republic.
  • Saxlanılan şəxslərdən götürülən bağlama
    © State Border Service of Azerbaijan Republic.
  • Saxlanılan şəxslərdən götürülən bağlama
    © State Border Service of Azerbaijan Republic.
1 / 3
© State Border Service of Azerbaijan Republic.
Saxlanılan şəxslər Babayev Əliağa Rəsul oğlu və Kazımzadə Nicat Zaur

Həmin gün Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsindədə İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal "silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış və sərhəd naryadı tərəfindən həmin şəxsə "dayan" əmri verilib. Nəticədə xidməti ərazidə hərəkətdə olan şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb və ondan 1 ədəd bağlama götürülüb. Saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü Pənahi Qulaməli Məhəmmədəli oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı ümumi çəkisi 942 qram narkotik vasitələr (575 qr "heroin", 300 qr "metamfetamin", 1 qr "metadon" və 66 qr qurudulmuş "marixuana") aşkar edilib.

18 sentyabr tarixində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 2 nəfər şəxsin Araz çayını keçərək hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd zastavası dərhal "silaha" komandası ilə qaldırılaraq dövlət sərhədinin pozulduğu istiqamətə hərəkət ediblər. Sərhəd pozucuları hadisə yerin­dən uzaqlaşmağa çalışarkən sərhədçilər tərəfindən təqib edilərək saxlanılıblar.

Saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1986-cı il təvəllüdlü Kıanı Behnam Əli oğlu və 1978-ci il təvəllüdlü Behzad Pırıvatlou Reza Mahmud oğlu olması müəyyənləşdirilib, onlardan götürülmüş bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 176 qram narkotik vasitə və psixotrop həblər (3 kq 182 qr "heroin", 994 qr "metamfetamin", 8789 ədəd "Metadon-40" həbi və 20 ədəd "Buprenorphine-2" həbi) aşkar edilib.

Hər üç fakt üzrə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində "həbs" qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

13
Əlaqədar
Qusarda 1 ton narkotik "yabanı" şəkildə bitibmiş - Təbiətin möcüzəsi
DSX-dan növbəti əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Bərdədə ailə üzvlərini öldürən şəxsin məhkəməsi başlayır: O həm də narkotik becərirmiş
Yaşayış evinin tikintisi, arxiv şəkli

Tikinti meydançaları ölüm bazasına çevrilib, işçinin həyatı heç kəsi maraqlandırmır

0
(Yenilənib 18:53 25.09.2020)
Ekspertin sözlərinə görə, işçilər dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təchiz edilməlidir, onların bu vasitələrdən istifadə etməsinə nəzarət mexanizmi olmalıdır, amma kimə deyirsən? 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Bu günlərdə Xətai rayonunda fəhlə evin damından yıxılaraq, aldığı xəsarətlərdən dünyasını dəyişib. Salyanda da ev tikitintisi zamanı fəhlə hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb, vəziyyəti orta ağırdır. Fəhlə ölümləri paytaxtda çoxmərtəbəli binalar, obyektlər və fərdi evlərin tikintisində müşahidə edilən artıma adekvatdır. Bunun səbəbi isə, əksər inşaat meydançalarında təhlükəsizlik qaydalarına əməl edilməməsidir. İşçilər əsasən dəbilqəsiz, qoruyucu kəmər olmadan işləyir. Bəs niyə tikinti sektorunda işçilərin təhlükəsizliyinə əməl edilmir?

Təhlükəsizlik məsələləri üzrə ekpert Elmar Nurəliyev Sputnik Azərbaycan-a bildirib ki, istehsalatda baş verən qəzalar insan həyatı üçün təhlükəli olmaqla yanaşı, iqtisadiyyata da zərər vurur. Bu kimi halların azalması üçün iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması mütləqdir.

"Qəzalardan 100 faiz sığortalanmaq mümkün olmasa da, görülən təhlükəsizlik tədbirləri nəticəsində istehsalat qəzalarının sayını azaltmaqla insanlara və iqtisadiyyata dəyən zərəri minimuma endirmək olar", - deyən mütəxəssisin fikrincə, istehsalat qəzaları arasında tikinti sektorunda baş verən qəzalar çoxluq təşkil edir. Belə ki, hər il tikinti sahəsində onlarla qəza baş verir. Bu qəzalar nəticəsində işçilər ağır bədən xəsarətləri alır, əmək qabiliyyətini itirir, peşə xəstəliklərinə məruz qalır, bəzən isə ölüm baş verir.

E. Nurəliyev qeyd edib ki, istehsalatda baş verən qəzaların 30 faizi ölümlə nəticələnir:

"Bunun qarşısını almaq üçün istehsalatda, iş yerlərində işçilər üçün sağlam əmək şəraiti yaratmaq lazımdır. Təəssüflər olsun ki, bir çox müəssisələr, iş yerləri buna əməl etmir. Tikinti sahəsinin təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu nəzərə almırlar. Təhlükə potensiallı obyektlərdə təhlükəsizlik tədbirləri görülməli, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyinə ciddi riayət olunmalıdır. Xüsusilə hündürlükdə işlər zamanı, qurğu və mexanizmlərin işlək və saz vəziyyətdə olmasına diqqət edilməlidir.  Ümumiyyətlə, əhali və ətraf mühit üçün təhlükə yaradan, yanğın, partlayış törədə bilən, zəhərləyici maddələrin emalı, daşınması, həmçinin sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab olunur".

Ekspert qeyd edir ki, tikinti sahəsində kimyəvi tərkibli, tez alışan, yanma riski yüksək materialların, ağır tonnajlı nəqliyyat vasitələrinin, yükqaldıran kran, uçma və dağılma ehtimallı dəmir-taxta konstruksiyaların olması, qaynaq işi və elektrik mişarlarının işləməsi, çoxmərtəbəli binanın yuxarı mərtəbəsində işlər zamanı material parçalarının aşağı düşməsi, həmçinin işçinin hündürlükdən yıxılma riski tikinti sahəsinin nə qədər təhlükəli olduğunu sübut edir. Bu səbəbdən də tikinti sahəsinin işçiləri əvvəlcə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalı, sonra işə başlanılmalıdır:

"İşçilər fərdi mühafizə vasitələri - dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, eynək, əlcəklə təchiz edilməlidir. İşçilərin bu vasitələrdən istifadə etməsinə nəzarət mexanizmi olmalıdır. Tikinti sahəsində tez-tez işçilərin təhlükəsizlik kəməri olmadan yüksəklikdə işləməsi, xüsusi ayaq geyimindən istifadə etməməsi, gündəlik təlimatlandırma olmadan işlərə başlaması və qoruyucu sipərlərin çəkilməməsi kimi qayda pozuntularına rast gəlinir. Görürük ki, kranlar yükü qaldırır, ancaq altında digər işçilər işləyir. Bu, yolveilməzdir. Eləcə də ağır tonnajlı nəqliyyat vasitələrinin arxasında durmaq, oradan keçmək olmaz."

Mütəxəssis əlavə edib ki, sığorta və təhlükəsizlik qaydalarına riayət etməklə hadisələrin sayını minumuma endirmək olar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) Sputnik Azərbaycan-a bildirilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq subyektlərində aparılan yoxlamalar 01 yanvar 2021-ci il tarixədək dayandırıldığı üçün Xidmət tərəfindən 01 noyabr 2015-ci ilin tarixindən etibarən sahibkarlıq subyektlərində yerində yoxlama həyata keçirilmir.

Vətəndaşlardan daxil olan şikayət ərizələri və müraciətlər "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Xidmət tərəfindən ciddi araşdırılır, müvafiq tədbirlər görülür və qanunauyğun cavablandırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən, istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana (Dövlət Əmək Müfəttişliyi Xidmətinə) məlumat verməyə borcludur. Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığını araşdırır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatını aparmaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilir.

"Xatırladaq ki, ötən il Azərbaycanda istehsalatla əlaqəli sayılan 247 bədbəxt hadisənin təhqiqatı aparılıb, 19-u qrup halında olan bu hadisələr nəticəsində 63 nəfər vəfat edib, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatı nəticəsində 302 nəfər zərərçəkmiş şəxsə "İZ" (istehsalat zədəsi) formalı aktın verilməsi təmin olunub", - deyə Nazirlikdən bildirilib.

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin apardığı təhqiqatlar nəticəsində məlum olub ki, istehsalatda ən çox tikinti, emal, mədənçıxarma sahəsində qəzalar baş verir.

Bəs istehsalat qəzaları keçirmiş, yaxud istehsalatda iş zamanı dünyasını dəyişmiş şəxslərə konpensasiyalar necə ödənilir?

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə, və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı var.

Qərara görə, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir: "Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir".

Hüquqşünas əlavə edib ki, istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə, himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir.

0
Teqlər:
Dövlət Əmək Müfəttişliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bina tikintisi, tikinti sektoru, tikinti sahəsi, tikinti
Əlaqədar
Qubada fəhlə iş zamanı qəfil zərbədən öldü
Fəhlə yeddinci mərtəbədən yıxılaraq öldü
İstilik Elektrik Stansiyasında fəhlə öldü
Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı
Bakıda faciə: Əlli yaşlı fəhlə damdan yıxılıb ölüb