Cütlük, arxiv şəkli

Sumqayıtda "məhəbbət üçbucağı": 19 yaşlı gənc, Vüsalə onun keçmiş əri…

330
(Yenilənib 11:53 19.11.2017)
Onlardan biri məzara, digəri isə həbsxanaya yola salınıb

BAKI, 18 noyabr — Sputnik. Həyat yoldaşından ayrılan, bir övlad anası olan qadın özündən 10 yaş kiçik oğlana dəfələrlə "səndən başqa həyatımda kimsə yoxdur" deməklə onu inandırıb. 19 yaşlı gənc qadının sözlərinə o qədər də inanmayıb və onun mobil telefonuna danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib. Əsl faciə də bundan sonra baş verib. Qadının keçmiş sevgilisi ilə mütəmadi telefon əlaqəsi saxlaması, söhbət əsnasında ünvanına nalayiq sözlər işlədilməsi ona pis təsir edib. Sonda isə "məhəbbət üçbucağı" hər ikisini məhvə aparıb — onlardan biri məzara, digəri isə həbsxanaya yola salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Gədəbəy rayon sakini, 19 yaşlı Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.

İttihama görə, qətl hadisəsi bu il iyunun 27-də Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığında baş verib. Qeyri-rəsmi ər-arvad münasibətində olduğu Vüsalə Dadaşovanın keçmiş tanışı Taleh Babazadə ilə əlaqələrini bərpa etməyə çalışmasını özünə xəyanət hesab edən Teymur Sadıqov ondan qisas almaq qərarına gəlib. Yaranmış mübahisə zamanı bıçaqla Talehin ürəyindən zərbə endirib. T.Babazadə kəskin qanitirmədən hadisə yerində keçinib.

Təqsirləndirilən Teymur Sadıqov ifadəsində həmyerlisi Vüsalə Dadaşova ilə bu ilin əvvəlində rayonda tanış olduğunu, qadının ona iş tapacağını vəd etdiyini, Vüsalənin təklifi ilə Sumqayıta gəldiyini deyib. Vüsalə onun üçün mənzil kirayələyib, özünü də kafelərdən birinə ofisiant düzəldib. Bir müddət sonra isə Teymur Vüsalənin yaşadığı yataqxanaya köçərək, onunla birlikdə yaşamağa başlayıb. Nə valideynlərinin, nə də qohumlarının özündən yaşca çox böyük qadınla münasibətindən xəbərləri olub.

Vüsalə ona ərindən ayrıldığını, həyatında kimsənin olmadığını deyib: "Vüsalənin keçmiş ərinin qohumu Vəfa müalicəsi ilə əlaqədar rayondan Bakıya gələndə bizim yanımızda gecələyirdi. Mayın ortaları idi. Vəfa Vüsaləyə zəng vurub Talehin onunla danışmaq istədiyini dedi. Mən Talehi əvvəllər tanımamışam, Vüsalə də mənə bu barədə heç nə deməmişdi. Telefonu Vüsalədən alıb Vəfadan Talehin kim olduğunu soruşdum. Vəfa "qohumumdur, Vüsalənin şəklini telefonda görüb xoşu gəlib, danışmaq istəyir" dedi. Vəfaya iradımı bildirdim, Vüsalədən isə şübhələnməyə başladım".

T.Sadıqov bu söhbətdən sonra "Samsung" markalı telefon alıb, internet vasitəsilə danışıqların səsli qeydiyyatını aparan proqram yükləyib və həmin telefonu Vüsaləyə hədiyyə edib. Vüsalə ev işləri ilə məşğul olarkən ondan xəbərsiz telefona müdaxilə edərək gün ərzindəki bütün danışıqlarını dinləyib. Qadının mütəmadi olaraq Vəfa və keçmiş sevgilisi ilə danışdığını, söhbətlərində onu müzakirə etdiklərini, Talehin isə hər dəfə onun adı çəkiləndə ünvanına nalayiq sözlər işlətməsini eşidib. Vüsalənin onu aldatmasından əsəbləşib və bu danışıqların izahatını tələb edib. Qadın cavabında əvvəllər Talehlə görüşdüyünü, sonradan ayrıldıqlarını deyib. Amma Teymur Vüsalənin dediklərini inanmayıb. Ertəsi gün rayona — valideynlərinin yanına yollanıb. Lakin bir müddət sonra yenidən Vüsalənin yanına qayıdıb. Telefona qulaq asdıqda rayonda olduğu müddətdə Vüsalənin yenə də Talehlə telefon əlaqəsi saxlamasını, sonuncunun hər dəfə onun adı çəkildikdə söyməsini eşidib.

Baş verənləri qüruruna sığışdırmayan Teymur Talehlə münasibətləri aydınlaşdırmaq məqsədilə onun işlədiyi Respublika Diaqnostika Mərkəzinə gedib, xəstəxananın həyətində Talehlə görüşüb. İşlətdiyi ifadələrə görə Taleh ondan üzr istəyib, sakit şəkildə ayrılıblar: "Elə həmin gün axşam zəng vurub iş yerinə gəldiyimə görə məni söydü, görüşmək istədiyini dedi. Görüşmək istəmədiyini bildirdim. Gecədən xeyli keçmiş isə zəng vurub Vüsaləni telefona çağırmağımı tələb etdikdə telefonu söndürdüm. Səhər tezdən zəng vurub yenə də israrla görüşmək istədiyini dedi. Görüşdən yayınmağı qüruruma sığışdırmayıb getdim. Taleh məni yumruqla vurdu. Yerdən götürdüyüm daşla mən də onu vurdum, əlbəyəxa olduq. Vüsaləni də, məni də söydü. Bıçaqla Talehin sinəsindən vurdum. Onun öldüyünü yəqin edib bıçağı atdım. Vüsaləyə zəng vurub Talehi öldürdüyümü dedim".

Zərərçəkmiş Tural Babazədə ifadəsində qardaşı Talehin Respublika Diaqnostika Mərkəzininin kardioloji şöbəsində sanitar işlədiyini, Keşlədə xalasının evində qaldığını göstərib: "Qardaşımın Vüsalə və ya Teymurla münasibətlərindən xəbərim olmayıb. Bu barədə mənə heç nə deməyib. İyunun 25-də Ramazan bayramına görə rayona getməyi Talehə təklif etdim. Növbədə olduğuna görə gedə bilməyəcəyini dedi. Ona görə, mən də kəndə getmədim. İyunun 27-də həmkəndlimiz Elvin zəng vurub Talehin bıçaqlandığını, cəsədinin meyitxanada olduğunu xəbər verdi".

Məhkəmə prosesi şahid ifadələri ilə davam edir. Proses noyabrın 28-də davam edəcək.

330
Teqlər:
ər, sevgi, kişi, Sumqayıt, qadın
Əlaqədar
İsmayılovun qaranlıq işi: cinayətkar qruplaşma, ailə klanı, qətllər və Fransa sığınacağı
Cinayət Məcəlləsində yeni cəza: nə cərimə var, nə də həbs
Cinayət törədib, azadlıqda gəzə biləcəyik – Məcəlləyə dəyişiklik
Film kimi cinayət: beləsi polisin də ağlına gəlməzdi
Qadın, arxiv şəkli

Kafeyə "dəm-dəstgah"la gedən qadını soydular

26
550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin qadın olduğu müəyyən edilib

 

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı araşdırma aparılır.

26
Beyrutda partlayış

Minlərlə insanın yaralanmasına 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub

64
(Yenilənib 08:21 05.08.2020)
Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

BAKI, 5 avqust - Sputnik. Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib. Həmin yükün Afrika ölkələrindən birinə məxsus olduğu bilinir.

ABŞ prezidenti Donald Tramp isə Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.

64
Калькулятор и ручка, фото из архива

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

0
(Yenilənib 19:28 06.08.2020)
Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

0