Avtobus

Bakıda avtobus sürücüsü sərnişinlərə dəhşət yaşatdı

95
(Yenilənib 13:29 03.11.2017)
Sürücü sərnişinləri kobud sözlərlə təhqir edib

BAKI, 3 noyabr — Sputnik. Bu gün səhər sərnişin avtobusunda qalmaqal yaşanıb. Sputnik Azərbaycan Avropa.info-ya istinadən xəbər verir ki, səhər təxminən 08:20-də "Riyad" Ticarət Mərkəzinin qarşısından 20 Yanvar istiqamətində hərəkət edən 199 saylı avtobusun sürücüsü sərnişini təhqir edib.

10 TG 479 dövlət nömrə, 11028 eyniləşdirmə nişanı olan avtobusun sürücüsü əvvəlcə nə iləsə bağlı sərnişinə iradını bildirdi. Sürücünün iradı ilə razılaşmayan sərnişinlə avtobusun sürücüsü arasında mübahisə başladı. Bu mübahisə daha da qızışıraq, sürücünün sərnişini küçə söyüşləri ilə təhqir etməsi ilə davam elədi. Avtobusdakı sərnişinlər nə qədər irad bildirsələr də, sürücünü sakitləşdirmək mümkün olmadı.

Sürücü getdikcə qızışaraq, sərnişini hədələrə keçdi. Hiddətlənmiş sürücü Bakı-Sumqayıt yolunda "Rahat" marketin yaxınlığında keçidə yaxınlaşarkən qəfil əyləcə basıb, hərəkət edən avtobusda sərnişinlərin həyatını təhlükəyə atdı. Bir-birilərinin üzərinə yıxılan sərnişinlər avtobusun damını döyəcləyərək, sürücünü güclə sakitləşdirə bildilər. Avtobusdakı qadınlar və uşaqlar sürücünün bu ağlasığmaz hərəkəti zamanı vahimə yaşadılar.

Qeyd edək ki, 199 saylı avtobusda xoşagəlməz vəziyyət tez-tez yaşanır. Dünən təxminən 18:30-dan sonra Yaşıl bazardan Abşeron Gənclər Şəhərciyinə doğru hərəkət edən bu marşrtun sürücüsü, "Çanaqqala" restoranının yaxınlığındakı dayanacaqda avtobusu saxlasa da, qapıları açmadı. Avtobusa minmək istəyən sərnişinlər nə qədər qışqırsalar belə, sürücü inadından dönmək istəmirdi.

İçəridəki sərnişinlərin etirazından sonra qapını açan sürücü, çox qəribə bir açıqlama verdi: "Qapını açıram, minirlər adamlar. Arxadan gələn avtobusa minsinlər".

Keçmiş Ayna Sultanava heykəlinin yaxınlığındakı dayanacaqda saxlamaq istəməyən sürücüyə etiraz edən sərnişinə cavab daha anormal oldu: "Dayanacaqda saxlamağa ixtiyarım yoxdur".

Bu biabırçılıq yolboyu davam elədi. 3-cü mikrorayon dairəsindən "20 Yanvar"a hərəkət etməli olan avtobus, marşrutdan çıxaraq, "Şamaxinka" istiqaməti ilə hərəkət etdi. Bu dəfə də "20 Yanvar"da düşməli olan sərnişinlər etiraz etsələr də, sürücü bu etiraza məhəl qoymadı. Masazır körpüsünün yaxınlığında avtobusun arxa qapısının şüşəsi qırılıb, töküldü. Sürücü heç nə olmamış kimi yoluna davam elədi.

Bu avtobus sürücülərinin marşrutdan çıxma hallarına tez-tez rast gəlinir. Bir müddət öncə "20 Yanvar" dairəsinə "kəsə yolla" girib, ondan əvvəl dayanacağa çatacaq həmkarını qabaqlamaq istəyən avtobus bir minik avtomobili ilə toqquşmuşdu.

Qeyd edək ki, 199 saylı avtobusda hərəkət edən sərnişinlər hər axşam pik saatlarda problemlər yaşayırlar. "20 Yanvar" ərazisində basabasla gələn avtobusa sərnişinlər minə bilmirlər, dolu avtobuslar bəzən bu dayanacda dayanmadan keçir. "20 Yanvar"dan Abşeron Gənclər Şəhərciyi istiqamətində vaxtilə işləyən 200 saylı avtobus marşrutu naməlum səbəblərdən ləğv edildiyindən sərnişinlər hər gün min bir əziyyətlə evlərinə getməli olurlar.

Abşeron gənclər şəhərciyində təxminən 13 min sakin yaşayır. Bu sayın üzərinə Masazır qəsəbəsi və Xırdalan şəhərinin Bakı-Sumqayıt yoluna yaxın əhalinin 199 saylı avtobusdan istifadə edən sərnişinləri də əlavə etsək, problemin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil.

Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərin rahatlağı üçün əlavə tədbirlərin həyata keçirilməsinə qərar verə biləcək.

95
Teqlər:
mübahisə, sərnişin, avtobus, sürücü
Əlaqədar
Bakıda növbəti qalmaqal: sərnişin sükan arxasındakı sürücüyə hücum etdi
Paytaxt sərnişinlərinə müjdə
Sərnişin qatarları toqquşdu, yaralılar var
Sərnişin avtobusu dənizə düşüb
İki sərnişin qatarı toqquşdu, 33 yaralı var