Eşşək arabası, arxiv şəkli

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib

68
(Yenilənib 10:00 18.10.2017)
Uzunqulaq sağ qaldı, amma sahibi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdi

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 oktyabr — Sputnik. Dünən Xaçmaz rayonu ərazisində baş verən qəzanın təfərrüatları məlum olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, qəza axşam saatlarında Gəndob-Yalama yolunda baş verib.

Siyəzən sakini, 1984-cü il təvəllüdlü Şamil Ələkbərov idarə etdiyi "Mercedes-Vito" markalı avtomobillə Bakı istiqamətinə gedərkən qəfildən yoldan çıxıb. O, yolun kənarı ilə gedən ot dolu eşşək arabasını vurub.

Eşşək arabasındakı Xaçmaz rayon sakini 62 yaşlı Nuru Zeynalov uzunqulaqdan yıxılaraq ağır xəsarət alıb. Şahidlər xəstəni xəstəxanaya aparmaq istəsələr də o, yoldaca dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsində faktla bağlı cinayət işi açılıb. Qəzanın səbəbləri araşdırılır.

68