Yeni doğulmuş körpə, arxiv şəkli

Ögey atasından hamilə qalmış qız uşağını dünyaya gətirib

587
(Yenilənib 21:53 19.09.2017)
Bir həftə sonra qeysəriyyə əməliyyatı keçirən və 6 aylıq körpə dünyaya gətirən 12 yaşlı qız evə buraxılacaq

BAKI, 19 sentyabr — Sputnik. 12 yaşlı zorlanmış qızın anası doğulacaq nəvəsindən imtina etməmək qərarına gəlib. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Qeyd edək ki, 2017-ci il avqustun ortalarında Balakən rayonunda yeniyetmənin zorlanması faktı ilə bağlı cinayət işi qaldırılıb. Hüquq-mühafizə orqanlarına məlum olub ki, yeniyetmə qız ögey atası tərəfindən zorlanıb və bir neçə ay ərzində bu barədə susaraq heç kəsə heç nə deməyib. Cinayət uşaq özünü pis hiss etməyə başlayandan sonra aşkara çıxıb. Tibb işçiləri uşağı müayinə edəndən sonra onun 22 həftəlik hamilə olduğunu müəyyən ediblər. Onun atalığı Elçin Ş.O. şübhəli şəxs qismində saxlanılıb. Hüquq-mühafizə orqanları istintaqın gedişi müddətində onunla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçiblər.

Bununla yanaşı qızı Bakıya AR Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) həkimlərinin nəzarəti altına veriblər.


ETMGİ-nin aparıcı mütəxəssisləri hamiləliyin 26-cı həftəsində olan uşağı abort etməkdən imtina ediblər. Çünki ölkə qanunvericiliyi 22 həftədən böyük olan dölün abortunu qadağan edir. Sentyabrın 14-də konsilium keçirən həkimlər hamiləliyi ananın sağlamlığının imkan verdiyi həddə qədər qorumağa qərar veriblər. Lakin bir sutka keçəndən sonra, sentyabrın 16-da qızın vəziyyəti qəflətən pisləşib. Onu təcili surətdə əməliyyat masasına aparıblar. Qeysəriyyə əməliyyatı nəticəsində 12 yaşlı ana qız uşağı dünyaya gətirib.

Hələlik həkimlər ona media ilə əlaqələri qadağan ediblər. Yeniyetmə ana ilə əlaqə saxlayan yeganə adam onun anası və Kəmalə Ağazadədir. Ağazadə bildirib ki, əməliyyatdan sonra qızın vəziyyəti stabildir. O, artıq ayağa durub. Ola bilsin qız gələn həftə evə buraxılsın.

Yeni dünyaya gəlmiş körpəyə gəlincə, onun vəziyyəti sabit ağırdır. O, altı aylıq doğulub və çəkisi 1 kq-a çatır. Əgər həkimlər uşağı bu vəziyyətdən xilas edə bilsələr, onu 12 yaşlı qızın anası himayəyə götürəcək.

"O deyir ki, üç uşaq böyüdüb və daha birini də böyüdə bilər" — deyə Ağazadə bildirib.

O, əlavə edib ki, bütün ailə psixoloji travma alıb. Başda ana olmaqla bütün uşaqların reabilitasiyaya və psixoloqların yardımına ehtiyacı var. Əgər yeniyetmə qızın sağalandan sonra təhsilini davam etdirməsinə zərurət yaransa, o, müvəqqəti olaraq Bakıdakı məktəblərin birində oxuya, daha sonra isə doğma Balakən rayonuna qayıda bilər.

Bütün bunlarla yanaşı, ailə daimi yaşayış yerini dəyişmək niyyətində deyil. Çünki onların bütün qohumları həmin rayonda yaşayır.

587
Teqlər:
ögey ata, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, yeniyetmə, hamilə, zorlama, Azərbaycan Uşaqlar Birliyi, Kəmalə Ağazadə
Əlaqədar
Ögey atasından hamilə qalan 12 yaşlı qızla bağlı tükürpədici qərar
Ögey ana 9 yaşlı uşağa olmazın işgəncələr verib