Həbs

Azərbaycanda məşhur şəxsin oğlu həbs olundu - ağır ittihamlar

5743
(Yenilənib 16:10 18.09.2017)
Şeyxin qudası Hacı Qalibin oğlu həbs edilib

BAKI, 18 sentyabr — Sputnik. Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib. Ölkə.az-ın əldə etdiyi məlumata görə, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı həbsxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.

Qalib Salahzadə
Qalib Salahzadə

Məsələni dəqiqləşdirmək ölkə.az-ın əməkdaşı Qalib Salahzadə ilə görüşüb və o, xəbərin doğru olduğunu bildirib: "Bəli, oğlum sentyabrın 13-də gecə saatlarında Nəsimi Rayon Prokurorluğunun müstəntiqi Anar Abıyevin qondarma qərarı ilə həbs olunub. Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik".

"Oğlumun həbsinin arxasında Baş prokuror Zakir Qaralov dayanır. Müstəntiq Anar Abıyev də ətrafında olan adamlar vasitəsilə bildirib ki, onun bu işdə günahı yoxdur və ona göstəriş Baş prokuror Zakir Qaralov tərəfindən verilib" — Salahzadə bildirib.

"Səbəb də məlumdur. Çünki Zakir Qaralov 22 ildir ki, mənimlə düşməndir. Hələ Zakir Qaralov 22 il öncə Sabunçu rayon prokuroru işləyən zaman Bilgəhdə zəfəran torpaqlarını qeyri-qanuni yolla zəbt etmək istəyirdi. Həmin vaxt mən də Bilgəhdə zəfəran kolxozunun direktor müavini idim. Bu məsələyə görə aramızda problem yaranmışdı. Mən Zakir Qaralovun torpaqları qanunsuz yolla zəbt edilməsinə qarşı çıxmışdım. Buna görə Zakir Qaralov zaman-zaman məni həbs etmək istəyib" — o, əlavə edib.

Daha sonra deputat deyib: "Hətta, 2000-ci ildə oğluma açılan eyni maddə ilə məni də həbs etmişdi. Mənə qarşı açılan işin müstəntiqi də Arzu İsmayılov olub. Təsəvvür edin ki, 2000-ci ildə mənə qondarma cinayət işi açılmışdı. Guya dövlət qulluqçusuna zor tətbiq etmişdim, həbsxanadan adam qaçırmışdım, 8 nəfər adam öldürmüşdüm və evimdən 2880 ədəd silah mərmisi tapılmışdı. Bu qədər cinayəti heç qanuni oğrular törədə bilməzdi. Amma Zakir Qaralov adıma yazdırmışdı. Təbii ki, bütün bunların hamısı yalan idi. Məni Zakir Qaralov torpaq məsələsinə görə həbs etmək istəyirdi. Ancaq, Allah rəhmət etsin ulu öndər Heydər Əliyevə. O, mənim həbs olunmağıma imkan vermədi. Onları çağırıb danlamışdı. Bu gün isə Zakir Qaralov oğlumu həbs etməklə məndən intiqam alır".

Q.Salahzadə qeyd edib ki, oğlu günahsızdır: "Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman "Azərsu" ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni, oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır".

5743
Teqlər:
Əlihüseyn Salahzadə, Hacı Qalib Salahzadə, Hacı Allahşükür Paşazadə, QMİ, Baş prokuror Zakir Qaralov, həbs
Əlaqədar
Azərbaycanda məmur oğlu həbs olundu
"Türkiyədə 50 vətəndaşımız həbs olunub"
Piyadanı vurub qaçan sürücü həbs edildi
Ulduz futbolçu 3 aylıq həbs edildi
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

1
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

1
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
PPX avtomobili, arxiv şəkli

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcılarına cinayət işi açıldı

9
(Yenilənib 18:31 30.11.2020)
Abşeron və Xətai rayonlarında qanunsuz olaraq evlərini tərk edən COVID-19 xəstələri polislər tərəfindən aşkarlanaraq evlərinə qaytarılıblar

BAKI, 30 noyabr — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronavirus xəstəsi olan, Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

9
Teqlər:
xəstə, polislər, cinayət işi, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Bəyanata müdaxilə etmək cəhdləri var"

0
(Yenilənib 13:24 01.12.2020)
"Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib".

BAKI, 1 dekabr — Sputnik. "Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

"Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər. Mən deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər.

Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir", - deyə Prezident qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

0
Teqlər:
Laçının azad olunması, Prezident İlham Əliyev, Üçtərəfli bəyanat