Hamiləlik testi, arxiv şəkli

Ögey atasından hamilə qalan 12 yaşlı qızla bağlı tükürpədici qərar

3426
(Yenilənib 15:11 15.09.2017)
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) konsilium keçirilib və o müdhiş qərar verilib

BAKI, 14 sentyabr — Sputnik. Həkim-ginekoloqlar öz təcrübələrində sadə olmayan qərar qəbul etməli olublar.

Azərbaycan Səhiyyə Nazirliyinin baş ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, sentyabrın 14-də Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) konsilium keçirilib. Orada aparıcı mütəxəssislər 26 həftəlik hamilə olan 12 yaşlı qızın vəziyyətini müzakirə edərək hamiləliyi izləməyə qərar veriblər. Əgər hamiləlik dövründə ananın vəziyyəti kəskinləşsə, onda qeysəriyyə yolu ilə uşağı götürəcəklər.

"Həkimlər uşaq-ananın həyatını təhlükə altında qoymaq istəmirlər. Eyni zamanda artıq tamamilə formalaşmış, 850-900 qram çəkisi olan dölü də məhv etmək istəmirlər" — deyə Məmmədova bildirib. 

Qeyd edək ki, 2017-ci ilin avqustunda Azərbaycanın Balakən rayonunda azyaşlı qızın zorlanması ilə bağlı cinayət işi açılıb. Bununla bağlı Elçin Ş. adlı şəxs saxlanılıb. Məlum olub ki, yayda 12 yaşlı uşaq özündə qəribə dəyişikliklər hiss edib. Yoxlanmadan sonra məlum olub ki, qız 22-23 həftəlik hamilədir. Acı həqiqəti bilən anası hamiləliyin pozulması üçün həkimlərə müraciət edib. Həkimlər isə bu vəziyyətdə məsuliyyəti boyunların götürə bilməyəcəklərini deyərək anaya hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə ediblər.

Hazırda ögey atası tərəfindən zorlanmış 12 yaşlı qız 26 həftəlik hamilədir və ETMGİ-nin həkimlərinin nəzarəti altındadır. Həkimlər hamilə uşağın həyatını riskə atmamaq üçün lazım olan tibbi göstərişləri yerinə yetirirlər.

Məmmədovanın sözlərinə görə, hamiləliyin erkən ləğvi barədə qərar Azərbaycan qanunvericiliyinə görə sosial amillər və həkimlərin rəyindən asılı olaraq verilə bilər. Sosial amillərlə əlaqədar olaraq hamiləliyin 22 həftəliyə qədər ləğvi nəzərdə tutulur. Bu, nikahdankənar hamiləlik, zorlama nəticəsində baş vermiş hamiləlik və ya həyati təhlükəsi olan hamiləlik ola bilər. 22 həftədən artıq hamiləliyin ləğvi ilə bağlı qərar isə tibbi göstəricilər əsasında verilə bilər. Burada ananın və dölün sağlamlıq imkanları nəzərə alınır. 

N saylı hərbi hissədə baş verən partlayış
© Sputnik / Leyla Abdullayeva

Məmmədova qeyd edib ki, zorlanmış uşaq hamiləlik dövründə qadın məsləhətxanasına müraciət etməyib və hamiləliyin onun səhhətinə necə təsir etdiyi müəyyən edilməyib. Baş ginekoloqun sözlərinə görə, həkimlər hamiləliyin sona çatdırılmasına çalışırlar və doğuşun qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirməsi qərara alınıb. Lakin həkimlər başa düşürlər ki, belə erkən yaşda hamiləlik çox təhlükəlidir. Zamanla qızın böyrəklərində, qaraciyərində, ürək və ağ ciyərlərində problemlər yarana bilər. Eyni zamanda 28 həftədən tez dünyaya gəlmiş dölün yaşamaq şansı azdır. ETMGİ-də vaxtından əvvəl dünyaya gəlmiş uşaqlara lazımi dəstəyi vermək üçün xüsusi aparatlar mövcuddur.

"Biz hamiləliyi stasionar şərtlərdə həkim nəzarəti altında davam etdirməyə çalışacağıq ki, döl kifayət qədər böyüsün və uşağın yaşamaq şansı daha çox olsun" — deyə Məmmədova bildirib.

Qeyd edək ki, əgər 12 yaşlı ana və uşağın bioloji atası uşaqdan imtina etsələr, uşağın taleyini hüquq mühafizəçiləri müəyyən edəcəklər.

3426
Teqlər:
Hamiləlik, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Səhiyyə Nazirliyi, Sevinc Məmmədova, Balakən rayonu, Azərbaycan
Əlaqədar
Hamilə qadın əri tərəfindən möhkəm döyüldü
Qadınlar hamilə qala bilmirlərsə, diş həkiminə getsinlər
Hamilə qadın uşaqlarını öldürdü
Hamiləlik dövründə toksikozu bu vasitə aradan qaldırır
Hamilə rus qadın ailəsini vətəninə qaytarmağı xahiş edir
PPX avtomobili, arxiv şəkli

Yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 daşıyıcılarına cinayət işi açıldı

5
(Yenilənib 18:31 30.11.2020)
Abşeron və Xətai rayonlarında qanunsuz olaraq evlərini tərk edən COVID-19 xəstələri polislər tərəfindən aşkarlanaraq evlərinə qaytarılıblar

BAKI, 30 noyabr — Sputnik. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi, Saray qəsəbəsində yaşayan Emin Cəfərquliyev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı bir neçə dəfə tərk edib. Polislər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Emin Cəfərquliyevi evindən kənarda olan zaman ictimai yerdə müəyyən edərək yaşadığı evə qaytarıblar. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Cəfərquliyev Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Daha bir oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronavirus xəstəsi olan, Xətai rayonu Ə.Quliyev küçəsində qeydiyyatda olan Zaur Əsədova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Z.Əsədovun dəfələrlə polisin xəbərdarlıqlarına baxmayaraq yaşayış yerini tərk etməsi müşahidə kameraları vasitəsilə də lentə alınıb.

Onun barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

5
Teqlər:
xəstə, polislər, cinayət işi, Koronavirus, epidemiya, COVID-19, Azərbaycan, Karantin rejimi, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

8
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

8
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

0
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

0
Teqlər:
qarğıdalı, fermer, Balakən