Leyla Abdullayeva,Sputnik Azərbaycan
BAKI, 27 avqust — Sputnik. Ötən gecə Xudatda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Xudat-Yalama yolunda qeydə alınıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 65 yaşlı Cəbrayılov Ağadayı Vəliyulla oğlunu "VAZ 21 07" markalı avtomaşın vurub. A.Cəbrayılov velosipedlə evinə gedirmiş. Bu zaman arxadan gələn avtomobil onu vurub.
Xəstə ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda həyatını itirib. Hadisə ilə bağlı Xaçmaz Rayon Prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
BAKI, 27 fevral — Sputnik. Bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev və Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.
Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
BAKI, 27 fevral — Sputnik. Ağstafa rayonunda karantin rejimini pozan kafe aşkarlanıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıblar.
Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər- Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə gətiriliblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Abduyeva 300 manat miqdarında cərimə edilib, E.Atakişiyev 15 sutka, F.Yolçuyev 20 sutka, İ.Yolçuzadə 7 sutka, X. Dünyəmov 15 sutka, Ş.Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs ediliblər.
BAKI, 27 fevral — Sputnik. Türkiyənin Sivas şəhərində 58 il qadın cəzaçəkmə müəssisəsi kimi istifadə edilən bina muzeyə çevrilir.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sivasda Sultan II Əbdülhəmid Xanın inşa etdirdiyi, lakin 60-cı illərdəki çevrilişdən sonra 58 il qadın cəzaçəkmə müəssisəsi olaraq fəaliyyət göstərən Həmidiyyə məktəbi muzeyə çevrilir.
Binanın muzeyə çevrilməsi üçün 2019-cu ildən bəri gedən hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə restavrasiya olunan Həmidiyyə məktəbi artıq Şəhər və Sənaye Məktəbi adı altında muzey kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, muzeyin restavrasiyasına 10 milyon türk lirəsi xərclənib.