Həbs

Sarayı vahiməyə salan qatil yaxalandı

3525
(Yenilənib 15:14 26.08.2017)
DİN və Prokurorluq Abşeronda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb

BAKI, 26 avqust — Sputnik. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Abşeron rayonunda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda deyilir:

"Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda avqustun 21-də törədilmiş iki ağır cinayətin üstü "isti izlər"lə açılıb.

Belə ki, avqustun 21-də səhər radələrində Abşeron rayonunun Saray qəsəbə sakini Anar Tanrıverdiyev Daxili İşlər Nazirliyinin "102-Zəng Xidməti" Mərkəzinə zəng edərək qonşuları — 75 yaşlı Məmməd Sərxanovun qətlə yetirilməsi, arvadı Zeynəbin isə aldığı xəsarətlərlə bağlı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirməsi barədə məlumat verib.

Məlumatla əlaqədar Abşeron rayon prokurorluğu və Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Baxış zamanı qonşuluqdakı yarımçıq tikilinin zirzəmisinə atılmış ağır cinayətin aləti olduğu şübhə edilən, üzərində qan ləkələrinə bulaşmış tük hissəcikləri olan qalın taxta parçası maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla ağır cinayətin səhər radələrində törədilməsi müəyyən edilib. Belə ki, avqustun 21-də səhər radələrində evə açıq pəncərədən daxil olan naməlum şəxs əvvəlcə əlindəki taxta parçası ilə divanda yatmış Məmməd Sərxanovun baş nahiyəsinə bir neçə dəfə zərbə endirdikdən sonra səs-küyə çıxan Zeynəb Sərxanovadan evdəki pul və qızıl-zinət əşyalarının yerini soruşub. Naməlum şəxs qadından müsbət cavab almadığından onun da baş nahiyəsinə ağac parçası ilə zərbələr endirib və hadisə yerini tərk edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

Avqustun 21-də qətlin açılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyi bir vaxtda rayon polisinə Xırdalan şəhərində digər ağır cinayət barədə məlumat daxil olub. Mənzillərdən birinə özünü usta kimi təqdim etməklə daxil olmuş naməlum şəxs orada yaşayan Sevda Hüseynovanı bıçaqla hədələyərək pul və qızıl-zinət əşyalar tələb edib. Lakin, qadının səs-küy salaraq qonşularını köməyə çağırması həmin şəxsin planlaşdırdığı cinayəti başa çatdırmasına imkan verməyib.

Qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən naməlum şəxsin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində avqustun 23-də əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş Saray qəsəbə sakini Məqsud Əliyev saxlanılıb.

Zərərçəkmiş S.Hüseynova quldurluq məqsədilə evinə soxulmuş şəxsin M.Əliyev olduğunu təsdiqləyib. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinin gedişində hər iki hadisənin motivinin eyni olması və digər oxşar cəhətlərin mövcudluğu hər iki cinayətin M.Əliyev tərəfindən törədilməsi ehtimalını artırıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, rayon prokurorluğu və polis əməkdaşlarının birgə həyata keçirdikləri əlavə tədbirlərlə yuxarıda qeyd edilən qətlin də M.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Əliyev istintaqa ifadəsində hər iki ağır cinayəti tamah məqsədilə törətdiyini etiraf edib. Cinayət işləri bir icraatda birləşdirilib, M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 181.2.3 (yaşayış sahəsinə qanunsuz olaraq girməklə quldurluq), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".

3525
Teqlər:
Məqsud Əliyev, Saray qəsəbəsi, Abşeron rayonu, qətl, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, polis
Əlaqədar
Cənub bölgəsində tükürpədici ailə qətliamı
Quyuya atılan 6 günlük körpəni nənəsi yox, başqası qətlə yetirib
DİN-dən Göygöldəki amansız qətllə bağlı rəsmi açıqlama
Polisi qətlə yetirdi, özü xəstəxanaya düşdü
Dörd polis əməkdaşı qətlə yetirildi
Türklər azərbaycanlını qətlə yetirdilər
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

49
(Yenilənib 08:18 26.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

49
Teqlər:
zibil qabı, cəsəd, qəbir, ölənlər, COVID-19, Koronavirus, Ekvador
Qəza, arxiv şəkli

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

14
(Yenilənib 19:52 25.11.2020)
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

BAKI, 25 noyabr - Sputnik. Hava limanı şosesində (“Buta Palace” yaxınlığında şəhər mərkəzi istiqamətində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

Hazırda yolda sıxlıq var.

14
Teqlər:
Bakı, qəza
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

0
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

0
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan